İdeal imtahanın sirri - Abituriyentlərin nəzərinə!


Əziz abituriyentlər, bildiyiniz kimi, 2023-cü il 5 və 12 mart tarixlərində respublikamızda buraxılış imtahanları keçiriləcək. İmtahanla bağlı tövsiyələrimizi sizə çatdırırıq.
1. İmtahana gedərkən baxışları üzərinizə çəkməyən sadə geyimlər geyinməyiniz məsləhət görülür.
2. Həmin gün yeni paltar, ayaqqabı geyinməsəniz, daha yaxşı olar. Gündəlik geyindiyiniz, özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
Çünki yeni paltar diqqətinizi dağıda, təzə ayaqqabı ayağınızı sıxa bilər. Bu da ümumi əhvalınızı korlaya bilər.
3. Bir gün öncə imtahan verəcəyiniz məktəbə gedin və oranı görün.
Bu, imtahanqabağı sizin həyəcanınızın azalmasına yardım edər.
4. İmtahandan əvvəlki gün qəbul edəcəyiniz dərmanlara diqqət edin. Ola bilər ki, istifadə etdiyiniz dərman gecə sizi yuxusuz qoyar. Səhər imtahan vaxtı əzgin, yorğun, yuxusuz olarsınız.
Bəzən ixtisas sahibi olmayan adamlar həyəcanı yatırmaq məqsədi ilə yanlış dərmanlar tövsiyə edirlər. Bu, abituriyentin imtahanda özünü pis hiss etməsinə, yuxusunun gəlməsinə səbəb olar, diqqətli olmaq lazımdır.
5. Valideynlər övladlarını imtahanqabağı stressə salmamalıdır, ən önəmlisi imtahana gedəndə abituriyentlə cəmi bir nəfərin getməyi məsləhətdir. Çox adam gedəndə onu həyəcan bürüyür, stresli olur.
6. Bəzi valideynlər imtahan günü övladlarına belə deyir:
- Əgər filan qədər bal toplamasan, evə gəlmə və s.
Bəziləri isə:
- Sənə çox güvənirəm, mümkün deyil ki, sən yüksək bal toplamayasan və s.
Bu tip davranışların hər ikisi abituriyentləri stressə sala bilər.
İmtahan günü sadəcə övladınızı yola salın, ona rahat olmasını tövsiyə edin və xeyir-dua verin.
7. İmtahana gedərkən özünüzlə su aparmağı unutmayın (qazlı və şirin su olmaz).
8. İmtahan günü mütləq səhər yeməyi yeyin, suda qaynadılmış kartof yemək məsləhət görülür, çünki bu məhsul beyni aktiv və açıq saxlayır.
9. İmtahana başladıqda ilk əvvəl baxan kimi həll edə biləcəyiniz suallardan, yəni asan suallardan başlayın. Cavabını tapa bilmədiyiniz suallara isə işarə qoyub keçin, asan sualları bitirdikdən sonra geri qayıdıb, həll edə bilmədiyiniz suallardan başlayın. Görəcəksiniz ki, həmin sualların bir çoxu indi sizə daha rahat və asan gəlir. Sadəcə həmin vaxt bir az həyəcanlı olmusunuz, sual sizə çətin görünüb.
10 . Əgər qəbul imtahanında hər hansı bir sualda çətinlik çəkirsinizsə, inamsızlığa düşməyin, bilin ki, həmin sual sizin kimi bir çox abituriyenti bu dəqiqə çətinliyə salıb, ruhdan düşməyin.
11. Sualları diqqətlə oxuyub, nə soruşulduğunu dəqiq anlamaq lazımdır.
12. Əgər imtahan zamanında fikiriniz dağılırsa, dayanın və diqqətinizi cəmləyin. Qələminizi stolun üstünə qoyun, gözlərinizi bağlayın, alnınızı və yanaqlarınızı yumşaq şəkildə 15-20 saniyə masaj edərək özünüzü dincəldin. Beləliklə, yenidən fikrinizi cəmləyə biləcəksiniz.
13. İşarələmiş olduğunuz sualın cavabını sonra dəyişdirməyin, çox vaxt ilk düşündüyünüz cavab doğru çıxır, ancaq tam əminsinizsə, cavab səhvdir, onda dəyişdirin.
14. Cavabları sürüşdürməməyə diqqət edin.
15. Zamanınızı doğru bölün.
16. Testlərdəki əlaqəli suallara baxın, məsələn, bəzən 3-cü sualın A bəndi, 7-ci sualın cavabını tapmaqda sizə kömək edə bilər.
Uğurlar arzulayırıq!

Rafiq Məmmədov,
Təhsil eksperti

DİGƏR XƏBƏRLƏR

Top