
Türkiyə Qızıl Aypara Cəmiyyəti 6 fevral tarixində baş verən dəhşətli zəlzələdən sonra başqa bir xeyriyyə təşkilatı olan "Ahbap"a 2050 ədəd çadır satıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə "Ahbap"dan açıqlama verilib.
Təşkilatdan bildiriblər ki, 6 fevral 2023-cü il tarixində mərkəzi Kahramanmaraşda olan və ümumilikdə on vilayətdə baş verən zəlzələ nəticəsində zərər görən vətəndaşlarımızın çadır ehtiyaclarını qarşılamaq üçün bütün ölkə səfərbər edilmiş və Birliyimiz hər yerdə çadır istehsal edən şirkətlərlə əlaqə saxlamışdır: “O vaxt əlaqə saxladığımız şirkətlərdə həmin səhər zəlzələ bölgəsinə göndərə biləcəyimiz çadırları yox idi. Bu səbəbdən də çadırlar Türkiyə Qızıl Aypara Cəmiyyətindən alınıb”.
Bu məlumat Türkiyə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Türkiyə Qızıl Aypara Cəmiyyətinin çadırları pul ilə satması sosial şəbəkələrdə tənqid olunub.
Məsələ ilə bağlı Türkiyə Qızıl Aypara Cəmiyyətindən də açıqlama verilib. Cəmiyyətdən bildirilib ki, çadırlar "Ahpab"a maya dəyərinə satılıb.