“Paşa Holdinq”lə eyni ünvanda yerləşən şirkətin baş ofisi 2 000 işçisini ixtisar edir


Dünyanın ən böyük konsaltinq şirkətlərindən biri olan “McKinsey” 2 000 işçisini ixtisar edəcək.
Yeniavaz.com
“Bloomberg”ə istinadən bildirir ki, bu, “McKinsey”in indiyə kimi həyata keçirdiyi ən böyük ixtisar olacaq.
Məlumat üçün bildirək ki, 1926-cı ildə Ceyms Oskar Makkinzi tərəfindən qurulan "McKinsey" şirkətinin dünyanın 60-dan çox ölkəsində, o cümlədən də Azərbaycanda yerli şöbələri fəaliyyət göstərir. Ümumilikdə "McKinsey" şirkətinin 40 mindən çox işçisinin olduğu bildirilir.
2021-ci ildə rekord məbləğdə - 15 milyard dollar gəlir əldə edən "McKinsey" şirkətinin rəhbəri Dominik Barton 2013-cü ildə Azərbaycana səfər edib və Prezident İlham Əliyevin qəbulunda olub. Daha sonra Azərbaycanda filial açıb. Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı isə şirkətin ölkəmizdəki qanuni təmsilçisi olub. Hazırda şirkətin yerləşdiyi ünvan ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda –Neftçilər prospekti 153-də yerləşir.
2016-cı ildə qəbul edilən "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin hazırlanmasında məsləhətçi olaraq "McKinsey" şirkəti cəlb olunub.
"McKinsey" şirkəti Azərbaycanla əməkdaşlıq etdiyi layihələr barədə məlumat açıqlamasa da, bu layihələrdən bəziləri barədə mətbuatda məlumatlar yer alıb. Belə ki, mətbuatın yazdığına görə "McKinsey" şirkətilə Azərbaycan Vergilər Nazirliyi arasında ekspertiza-məsləhət xidmətinin göstərilməsi üçün müqavilə imzalanıb. Xidmətlərin göstərilməsi üzrə müqavilənin dəyəri 1,5 milyon manat olub.
Bundan başqa Dövlət İcbari Tibbi Sığorta Agentliyi "McKinsey" şirkətini Azərbaycanda icbari tibbi sığortanın ümumi tətbiqi üzrə məsləhətçi kimi cəlb edib. Bu məqsədlə prezident İlham Əliyev 19 iyul tarixində dövlət büdcəsindən 1,3 milyon manat ayırıb.
Onu da qeyd edək ki, 2018-ci ildə Türkiyənin sabiq maliyyə naziri Berat Albayrak hökumətin yeni iqtisadi proqramının hazırlanması üçün ABŞ-ın "McKinsey" şirkətini məsləhətçi seçdiklərini bəyan etmişdi. Albayrakın bu açıqlamasından qısa müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maliyyə nazirinin (həm də kürəkəninin) bəynatına əks açıqlama verərək bildirib ki, biz bu oyuna aldanmarıq:
“Bütün yoldaşlarımıza söylədim. Bunlardan məsləhət belə almayacaqsınız. Ehtiyac yoxdur, özümüz özümüzə bəsik”.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top