İTV-dən Əli Nurun gündəm olan çıxışı ilə bağlı açıqlama - Yenilənib


“Mərhum aktyor Ramiz Novruzun dəfn mərasimi zamanı İTV-nin youtube kanalında aktyor Əli Nur müsahibə verərkən, canlı yayımın kəsilməsi barədə sosial şəbəkədə yayılan iddia tamamilə yanlışdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İctimai TV-nin yaydığı məlumatda deyilir.
Məlumata həmçinin İTV-nin “youtube” kanalında yayımlanan sözügedən canlı yayım üçün keçid əlavə edilib və bildirilib:
“Bu videodan göründüyü kimi Əli Nur fikrini tamamlayıb və yayım bundan bir müddət sonra dayandırılıb, aktyorun çıxışının kəsilməsindən söhbət belə gedə bilməz. İstənilən halda, izləyicilər bu videoya baxaraq öz qərarlarını verə bilərlər. Youtube üzərindən canlı yayımlar zamanı yayımın dayandırılması və yenidən açılması adi haldır. Bu texniki məsələlər, o cümlədən kamera və canlı yayım avadanlığında batareyaların enerjisi zəiflədiyi üçün dəyişdirilməsi, internetin sürətində dəyişiklik olduqda, səslə bağlı qüsurlar yarandığı halda tənzimlənmənin aparılması ilə əlaqədar olur. Nəzərinizə çatdırırıq ki, dünən İTV-nin youtube kanalında Ramiz Novruzun vəfatı ilə bağlı 3 dəfə canlı yayım edilib”.
Qeyd olunub ki, sözügedən videoya Mədəniyyət nazirliyindən də reaksiya verilib:
“Qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.
Eyni zamanda, Mədəniyyət Nazirliyi dəfnin təşkilində yardımçı olub”.


***09:28
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz fevralın 21-də dünyasını dəyişib. Ötən gün Yeni Yasamalda, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində onun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
Yeniavaz.com
xəbər verir ki, vida mərasimi zamanı Xalq artisti Əli Nurun İctimai TV-nin mikrafonuna səsləndirdiyi tənqidi fikirlərin daha sonra kanalın sosial şəbəkə hesablarından götürüldüyü iddia olunur.
Əli Nur sözügedən çıxışda Xalq artistinin dəfninə biganə yanaşıldığını bildirib:
“Sovet dövründə adicə əməkdar artist rəhmət gedəndə, onu Akademik Milli Dram Teatrın səhnəsindən götürürdülər. Ən kiçik formada, Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun qədrini bilirdi, sənətin qədrini bilirdi, sənətə qiymətə verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qalmışdı qapının ağzında, asfaltın üstündə. Mən nazirliyi qaldırdım ayağa, Mədəniyyət Şöbəsini qaldırdım, İcra Hakimiyyətini qaldırdım ayağa.
Ayıbdır axı! Bu boyda sənətkar ölüb. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var, nə bir təşkilatçı var. Ramiz Novruz dınq eləyib, yerdən çıxıb?! Ramiz Novruz Xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. O, nə yollar keçib gəlib, 50 ildən artıq səhnədə can qoymuş adamdır, dövlətə xidmət eləyən adamdır, quru maaşa baxan adamdır. Bunun qədrini bilmək lazımdır”.
O aidiyyəti qurumları və məmurları da sərt tənqid edib:
“Nə vaxta qədər bu respublikanı caynağına alacaq məmurlar, qanını soracaq dövlətin?! Sənət adamına qiymət verin də! Aktyorun qiyməti yox, sənətin qiyməti yox, noldu daha bu?”
Qeyd edək ki, kadrlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd edilib və artıq dəfələrlə paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top