Bəxtiyar Hacıyev quru aclığı dayandırmaq üçün şərtini açıqlayıb


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev şənbə günü ailə üzvləri ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC-yə ictimai fəalın vəkili Şəhla Hümbətova məlumat verib.
Cümə axşamından bəri Bəxtiyar Hacıyevin quru aclığa başladığını deyən vəkil bildirib ki, onun anası bugünki görüşdə oğlundan quru aclığı dayandırmasını xahiş edib.
“Bəxtiyar isə şərt olaraq ilk növbədə, onun üçün təyin edilən gözətçinin dəyişdirilməsini tələb edib. Bəxtiyar onun yanında qoyulan növbətçini özünə qarşı psixoloji təzyiq vasitəsi hesab edir”, - Şəhla Hümbətova deyib.
Bu iddia ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.
Şəhla Hümbətova, həmçinin bildirib ki, şənbə günü ona Bəxtiyar Hacıyevlə görüşməyə şərait yaradılmayıb.
Bəxtiyar Hacıyev 1 aydan çoxdur ki, həbsinə etiraz olaraq aclıq etdiyini bəyan edib.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs olunub.
Cümə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib ki, Bəxtiyar Hacıyev hazırda “tibb müəssisəsində, həkimlərin nəzarətindədir”, amma onun quru aclığa keçməsi ilə bağlı şərh verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top