Sahibkar, cibgir, yoxsa narkoman: kimdir Redo Butşiş?


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi tanınmış Butşiş Redo Moxammədoviçə qarşı məhkəmə iddiası qaldırıb. 
Yeniavaz.com
xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində 23 fevral 2023-cü il tarixində baxılacaq məhkəmə işinə hakim Nərmin Əhmədova sədrlik edəcək.
Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Butşiş Redo Moxammədoviç 4 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlərin dövlət büdcəsinə hazırda 18 min 708 manat 64 qəpik vergi borcu var.

Onu da qeyd edək ki, eyni gündə, eyni şəxs tərəfindən eyni nizamnamə kapitalı ilə təsis olunan bu şirkərtlər barəsində açıq internet resurslarında heç bir məlumat yoxdur.
Məlum olan yeganə xəbər odur ki, bu şirkətlərdən biri – “REDO-BM” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yasamal və Sabunçu rayon Gənclər və İdman İdarələrinin keçirdiyi tender müsabiqələrində qalib olub.
Adı çəkilən 4 şirkətin qanuni təmsilçisi Redo Butşişin əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunması ilə bağlı rəsmi məlumatlar yayılıb. Məsələn, 2010-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan məlumatda göstərilir ki, əvvəllər məhkum olunmuş Redo Butşiş mobil telefon oğurladığı üçün saxlanılıb. 2015-ci ildə mətbuatda gedən məlumata görə əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Redo Butşiş cibgirlikdə şübhəli bilinərək saxlanılıb və üzərindən marixuana götürülüb. 

Ümumiyyətlə tender müsabiqələrində yeni yaranan şirkətlərin qalib gəlməsi, həmçinin qalib şirkətlərlə eyni ünvanda çoxsaylı şirkətlərin qeydiyyatda olması dəfələrlə qeydə alınıb. Bundan başqa əvvəllər məhkum olunmuş şəxslərin rəhbərlik etdiyi MMC-lərin tenderlərdə qalib gəlməsi də tez-tez müşahidə olunmaqdadır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top