Bu gündən marketlərdə polietilen torbalar ödənişlidir


Bu gündən Bakıda fəaliyyət göstərən marketlərdə polietilen torbalara görə alıcılardan ödəniş tələb olunur.

Bu barədə Yeniavaz.com-a sözügedən hal ilə üzləşən paytaxt sakinləri məlumat veriblər.
Bildirilib ki, polietilen torbalar ölçülərinə görə 3-5 qəpiyə təklif olunur.
Xatırladaq ki, daha əvvəl bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib.
Məktubda qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə məlumat verilsin.
Dövlət Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edilib.  Dəyişikliyə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir.
Qeyd olunub ki, Vergi Məcəlləsinə əsasən, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN, çekin vurulmasının tarixi və saatı, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti, yekun məbləğ, o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği,  ödənişin forması, üsulu və digər məlumatlar göstərilməlidir. Qeyd olunan tələblərin pozulmasına görə Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top