Ticarət şirkəti Azərbaycanda uşaqlar üçün tədbirlər keçirəcək – 1,5 milyonluq tender...


Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Ukrayna Ticarət Evi” MMC (VÖEN – 1404173661) olub.
Yeniavaz.com
 xəbər verir ki, tenderin qalibi olan şirkət Dövlət Komitəsinin sifarişi əsasında uşaqlarla bağlı müxtəlif tədbirlərin təşkilini həyata keçirəcək və qarşılığında 1 milyon 471 min 460 manat alacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğludur. MMC 06.04.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub.
“Ukrayna Ticarət Evi” MMC-nin rəsmi saytında qeyd olunur ki, şirkətin əsas fəaliyyət istiqamətləri xarici ticarət, daxili ticarət şəbəkələri və distribusiyalarının yaradılması, fəal nəqliyyat-logistika zəncirlərinin işlənib hazırlanması, turizm, maliyyə auditi və konsaltinqdir. Eyni zamanda, Ukrayna ticarət-sənaye subyektlərinin Azərbaycandakı kontr-partnyorlar ilə qarşılıqlı əlaqələrinə, onların əməkdaşlığına və istehsalat kooperasiyalarına yardım və konsultativ monitorinq etmək nəzərdə tutulub.
Xəbəri rus dilində oxuyun: Торговая компания проведет мероприятия для детей в Азербайджане - Тендер на 1,5 млн...
Əsas fəaliyyətinin ticarət sektoru olmasına baxmayaraq Dövlət Komitəsinin sifarişi əsasında uşaqlarla bağlı tədbirlər keçirəcək “Ukrayna Ticarət Evi” MMC-nin hazırkı rəhbəri Əlibala Məhərrəmzadə iqtisadiyyat elmləri doktoru və eyni zamanda da yazıçı-publisistdir.
Əlibala Məhərrəmzadənin rəhbərlik etdiyi başqa bir şirkət – “A ənd J Holdinq” MMC də (VÖEN – 1700516031) daha əvvəl Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqələrində qalib olub.
Onu da qeyd edək ki, ötən ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski Məhərrəmzadə Əlibala Səttar oğlunu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni ilə təltif edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda “Ukrayna Ticarət Evi” MMC-yə məxsus “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində iştirak edib. Foto sözügedən tədbir zamanı çəkilib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top