Əmək müqaviləsində müddət göstərilməyibsə işəgötürən işçini işdən çıxara bilərmi?


İşəgötürən əmək müqaviləsində müqavilənin müddətinin olmadığını əsas gətirərək onu etibarsız hesab edib işçini işdən çıxara bilərmi?
Yeniavaz.com
-un xəbərinə görə, vergi mütəxəssisi İlqar Əsədov bildirib ki, qanunvericilik buna yol vermir.
Vergi mütəxəssisi qeyd edib ki, Əmək Məcəlləsinin 46-cı maddənin 5-ci hissəsi daha çox işçini müdafiə etmək, eləcə də əmək hüququ ilə bağlı tənzimləmələri, habelə dövlət nəzarətini, o cümlədən statistik bazanın toplanmasını rahatlıqla həyata keçirə bilmək üçün nəzərdə tutulub: “Həmin müddəa işəgötürənin işçinin bilgisizliyindən istifadə edib, məsələn, əməkhaqqı vermədən işlətməsinin, işçinin vəzifəsi, iş yeri barədə öncədən razılaşdırılmış şərtlərin rahatlıqla dəyişə bilməsinin qarşısını almağı, eləcə də işçinin iş və istirahət vaxtının dəqiq bilinməsini təmin edir.
Əmək müqaviləsinin müddəti ilə bağlı Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissənin d) bəndinin olması isə müqavilənin içində müddətlə bağlı hər hansı konkret fikirlərin yazılması tələbi ilə bağlı deyil. Həmin maddə, ümumiyyətlə, müqavilənin müddətə görə statusunun müəyyən edilməsini tənzimləyir. Əgər hər hansı müddət nəzərdə tutulmayıbsa, müqavilənin içində "Bu müqavilə müddətsiz bağlanmışdır" cümləsinin mövcudluğu zəruri deyil.
Məcəllənin 45-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
Beləliklə, müqavilədə heç bir müddətin göstərilməməsi heç bir tərəf üçün onun etibarsız hesab edilməsinə əsas verən hal kimi başa düşülməməlidir”.

 

DİGƏR XƏBƏRLƏR

Top