
Kahramanmaraş vilayətinin Göksun rayonuna bağlı Payamburnu qəsəbəsində zəlzələnin vurduğu ərazidə yolunu azmış Konyaaltı Bələdiyyəsi Mülki Müdafiə Xidməti qrupu qarşılarında olan itin arxasınca düşərək kömək gözləyən kəndə gedib.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, qarlı yolda qaçan itin arxasınca təxminən 5 kilometr gedən qrup yardımı kəndə çatdırıb.
Qrup dünən aldıqları məlumat əsasında sözügedən qəsəbədə yola düşən qar və iri qayalar səbəbilə yardım çatdırmağın mümkünsüzləşdiyi yaşayış məskəninə getmək üçün yola çıxıb. Bağlanan yola alternativ yol axtaran qrup üzvləri bir müddət sonra yolunu azıb.
Bu vaxt onlar qarşılarına çıxan və naməlum istiqamətdə qaçan iti izləməyə başlayıblar. Qarlı yolda iti təxminən 5 kilometr izləyən qrup üzvləri nəhayət Payamburnu qəsəbəsinə çatıblar və burada təcili ehtiyacları qarşılayıblar.
Onlar iti izləyərkən həmin anları mobil telefonla lentə alıblar. Kadrları lentə alan şəxs itin onları sözügedən qəsəbəyə apardığını deyib:
“Bizi kəndə aparır. Bizə yol göstərən balaca itimiz var. Qəsəbədə köməksiz qalan insanlar yəqin ki, son çarə olaraq itlərini göndəriblər, biz də yolumuzu itirmişdik. Biz iti görəndə arxasınca getməyə başladıq, ümid edirəm bizi kəndə aparır”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz