"Atam da hesab edir ki, əvvəlcədən planlaşdırılıb" - AXCP fəalının oğlu


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayevə (Əlizamin Salayev) qarşı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Lakin Zamin Salayevin oğlu Oqtay Salayevin verdiyi məlumata görə, atası ailəsilə qısa telefon söhbətində şərləndiyini bildirib. O deyib ki, fevralın 6-da axşam saatlarında Lökbatan dairəsində Salyana gəlmək üçün maşın gözlədiyi vaxt tanımadığı bir nəfər əlində bıçaqla ona hücum edib.
“Atam özünü qorumağa çalışıb. Bu zaman qəfildən ətrafdan polis əməkdaşları çıxıb. Atam da hesab edir ki, əvvəlcədən planlaşdırılıb”.
Ailə üzvlərinin sözlərinə görə, Zamin Salayevin hüquqlarını vəkil Nemət Kərimli müdafiə edir. Vəkil fevralın 8-də səhər saat 9 radələrindən Qaradağ Rayon Polis İdarəsinə getsə də, onu hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə buraxmayıblar:
“Az əvvəl məlum olub ki, bu gün (8 yanvar) saat 16.00-da Qaradağ Rayon Məhkəməsində məhkəmə iclası təyin olunub. Həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun təqdimatına baxılacaq”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda iddia olunur ki, Zamin Salayev fevralın 7-nə keçən gecə saat 1 radələrində “Lökbatan dairəsi” adlanan yerdə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.
Zamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top