“Haram aylar” məsələsinin günümüzlə nə kimi əlaqəsi var?


Bu mövzunu araşdırmağa başlayanda öz-özümə sual verdim ki, görəsən “Haram aylar” məsələsinin yazılmasına, işlənməsinə ehtiyac varmı? Bu zaman ağlıma göylərin və yerin yaradılması haqqında düşünən mömin bəndələrin Quranın ifadəsi ilə belə dedikləri gəldi: “…Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən!..” (Əli İmran, 3/191).
Quranın bu ifadəsindən görürük ki, bəsirət və düşüncə sahibi insanlar kainatda Cənab Allahın (c.c) yaratdığı heç bir şeyin boş yerə yaradılmadığını görür, anlayır və bunu ifadə edirlər. Cənab Allahın (c.c) kövni, yəni yaradılışla bağlı qanunlarında boş və əbəs heç nə olmadığı kimi, Uca Yaradanın (c.c) qövlü qanunlarında, yəni ilahi kəlamında da boş yerə deyilmiş bir söz yoxdur. Bu baxımdan yuxarıdakı ayədən ilhamla belə bir cümlə qurmaq olar:
“Ey Rəbbimiz! Sən bu sözləri, bu ayələri boş yerə söyləməmisən”. Quran ayələrində boş və əbəs yerə söylənmiş bir söz, bir kəlmə olmadığına görə, deməli “Haram aylar” məsələsində də bizim üçün ibrətlər, hikmətlər və ən əsası bizim üçün bu mövzuda Cənab Allahın (c.c) muradı var. Məsələyə bu konteksdən baxdıqda Quran ayələrində keçən “Haram aylar” məsələsi tarixi bir hadisə olmaqdan çıxaraq daha dərin bir məna qazanmağa başlayır.


“Haram aylar” məsələsinə tarixi bir hadisə olaraq baxmaq olarmı?
Haram aylarda savaşın qadağan edilməsinin günümüzlə o qədər də əlaqəsi və bağlayıcılığı olmayan tarixi bir hadisə kimi qələmə verməyə çalışanlar olsa da, Quran ayələrində “haram aylar”da müharibəni qadağan edən ayələrin vurğusundan bu hökmün sadəcə tarixi bir hadisə olaraq qalmadığını göstərir.
“Haram aylar”da savaşdan əl çəkmək məsələsi Həzrət İbrahim (ə.s) və Həzrət İsmayıl (ə.s) dövrlərindən bu yana tətbiq edilir. Bu baxımdan əsrlərcə davam edən bu tətbiqatın sadəcə Cahiliyyə dövründə yaşayan ərəblərə xas tarixi bir hadisə olduğunu iddia etmək doğru olmaz. Hələ vəhyin gəlməyə davam etdiyi dövrlərdə haram aylarda savaşmanın hökmü Allah Rəsulundan (s.ə.s) soruşulmuş, bu aylarda savaş qadağasının eynilə davam etdiyi bildirilmişdir.
Quranda fərqli-fərqli yerlərdə keçən ayələrdə “haram aylar” məsələsindən bəhs edilməsi, bu aylarda savaş qadağasına riayət edilməsinin vurğulanması, Həzrət Peyğəmbərimizin (s.ə.s) bir sıra hədislərində, buyuruqlarında bu haqda bəhslərin olması “haram aylar” məsələsinin hökmünün qaldırılmadığı, tarixi bir hadisə olaraq qalmadığı mənasına gəldiyini göstərir. Allah Rəsulu (s.ə.s) Vəda Həcci xütbəsində haram aylardan bəhs etsə də, bu aylarda savaşın qadağan edildiyi ilə bağlı bir söz və ya işarə belə etməməsi, “haram aylar”da savaş qadağasının eynilə davam etdiyini göstərir.

Abdullah ibn Cahşın (r.a) dəstəsi və “Haram aylar” məsələsi…
Həzrət Peyğəmbərimiz (s.ə.s) Mədinəyə hicrətdən yeddi ay sonra Abdullah ibn Cahşın (r.a) rəhbərliyində Taif və Məkkə şəhərləri arasındakı Batn-Nəhlə deyilən məkana Qureyş karvanlarının müşahidə edilməsi üçün bir hərbi dəstə göndərmişdi. Abdullah ibn Cahşın (r.a) bu dəstəsi Batn-Nəhlədə müşriklərdən bir qrup insanla qarşılaşdı. Bu zaman Rəcəb ayının ilk günü olmasına baxmayaraq müsəlmanlar hələ Rəcəb ayının girmədiyini, dolayısı ilə hələ Cumadəl-Ulə ayının son günü olduğunu zənn etmiş və müşriklərdən İbn Hadramini öldürmüşdülər. Bu hadisədən sonra müşriklər belə deməyə başladılar: “Siz “Haram aylara” və “Haram bəldə”nin (Məkkənin) haramlığına, yəni hörmətinə riayət etdiyinizi deyirdiniz. Ancaq siz “Haram ayda” adam öldürdünüz!” Bu hadisədən sonra aşağıdakı ayə nazil olmuşdur:
“Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar” (Bəqərə, 2/217).
“Haram aylar”ın daxil olub olmadığını hesaba qatmadan və İbn Hadrami adındakı bir şəxsin ölümü ilə nəticələnən bu hadisəyə görə müşriklər müsəlmanları qınayırdılar. Ancaq bu hadisəyə görə nazil olan ayədə tərəflərin bütün rəngi, boyası ortaya qoyulmuşdu. Ayədə əvvəla haram ayda savaşmanın, qan tökmənin Allah (c.c) qatında böyük günah olduğu bildirilmişdir. Biz buradan İbn Hadrami adındakı şəxsin öldürülməsinin yalnış bir əməl olduğunu görürük. Ayənin davamında isə Abdullah ibn Cahşın (c.c) hərbi dəstəsinin belə bir xətası ilə yanaşı müşriklərin etdiyi əməllər sadalanmış, insanları Allahın yolundan döndərməyin, Onu inkar etməyin, Məscidi-harama girməyə mane olmanın və əhalisini oradan çıxarmanın Allah dərgahında (Haram aylarda İbn Hadraminin öldürülməsindən) daha böyük günah olduğu vurğulanmışdır.

“Haram aylar”da savaşın qadağan edilməsinin səbəb və hikmətləri
“Haram aylar”da (Zilqadə, Zilhiccə, Məhərrəm, Rəcəb) müharibə etmək Quran ayələri (Bəqərə, 2/217) ilə qadağan edilmişdir. Bu aylarda müharibə etmənin qadağan edilməsinin səbəb və hikmətlərini aşağıdakı şəkildə göstərmək olar:
1. Həcc ibadəti başlamadan əvvəl zəvvarların sağ-salamat Məkkəyə gəlmələri, həcc ibadətini yerinə yetirdikdən sonra da can və mal təhlükəsi olmadan evlərinə qayıtmalarının təmin edilməsi. Həmçinin il ortasında ümrə ziyarətinə gələcək şəxslərə bu imkanın təmin edilməsi üçün Rəcəb ayında da savaşmaq qadağan edilmişdir.
“Haram aylar”da savaşın qadağan edilməsinin başlıca səbəblərindən biri olaraq insanların həcc və ümrə ziyarətlərinə rahat və təhlükəsiz bir şəkildə gəlib getmələrini təmin etmək olaraq göstərilir ki, əslində bu məsələnin günümüz üçün də nə qədər əhəmiyyətli olduğunu anlamaq olar. Günümüzdə də dünyanın dörd bir yanından, hətta vaxtilə İslam fəthlərinin gedib çatmadığı ölkələrdən belə müsəlmanlar həcc və ümrə ziyarətləri üçün yolculuq edirlər. Bu gün belə zəvvarların məhz keçəcəkləri yollarda savaş vəziyyətinin hakim olduğuna görə həcc və ümrə ziyarətlərinə gələ bilmədiklərini, ya da daha çətin və uzun yollardan istifadə etməli olduqlarını, həmçinin sadəcə hava nəqliyyatı ilə gələ bildiklərini görmək olar. Bütün bunlar “haram aylar”a riayətin günümüzdə də nə qədər əhəmiyyətli məsələ olduğunu göstərir.
2. 
Bu aylar eyni zamanda daim savaş içərisində olan, savaşın həyatlarının bir parçası halına gəldiyi insanların həcc, ümrə, oruc və s. kimi ibadətlərlə məşğul ola bilmələri, ruhlarını təmizləyə bilmələri, gözəl vərdişlər əldə etmələri üçün bir dincəlmə və rahatlama zamanlarıdır.
3. 
Müsəlmanlar tərəfindən cihad yolu ilə fəth edilən ölkələr üzərində lazım olan hakimiyyətin qurulması, sabitliyin təmin edilməsi, dini təbliğin həyata keçirilməsi üçün lazımi infrastrukturun təmin edilməsi və digər problemlərin həll edilməsi üçün belə bir dövrün olmasına ehtiyac vardı.
4. 
Uzun müddət savaşda və döyüş şəraitində olan əsgərlərin bu mübarək zamanlarda özlərinə vaxt ayıra bilmələri üçün “Haram ayları”nda (Zilqadə, Zilhiccə, Məhərrəm, Rəcəb) döyüşə ara vermələri istənilib. Bu aylarda əsgərlər sülh və barış şəraitindən istifadə edərək dincələ, ailələrinin qayğısına qala, həcc və ümrə ziyarətlərinə gedə, oruc ibadəti kimi cihad zamanı edə bilmədikləri işləri görməyə imkan əldə edirlər. Müharibə şəratinin sərtləşdirdiyi və ya qatılaşdırdığı qəlblər bu barış və sülh dövrlərinin verdiyi imkanla əsl insanı hisslərə, şəfqət və mərhəmət kimi duyğulara yenidən sahib olmağa başlayır.
5. 
İnsanların savaşdan uzaq bir şəkildə yaşamalarının vərdiş halına gətirilməsi və davamlı sülhün təmin edilməsi üçün “Haram aylar”da savaşa fasilə vermələri istənilib. Yaşatmanı və mövcud gözəllikləri qoruyub saxlamağı əsas məqsəd bilən İslam dinində sülh və barış daha ön planda olan məsələdir. Savaşmaq isə şərtlərin məcbur etməsi ilə müraciət edilən bir haldır. Müharibə və qarşıdurmaların tarix boyu qaçılmaz bir hadisə olduğunu nəzərə alsaq, bir ilin mühüm bir dövründə müharibənin qadağan edilməsi cəmiyyətin sülh və barış atmosferinin gözəlliklərindən istifadə etməsinə, münaqişədən uzaq bir dünyanın qalıcı hala gəlməsinə mühüm təsir göstərir.

Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.
Yazının hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir:
İrfan Köse tərəfindən qələmə alınmış “Haram ayların kutsallığı ve savaş yasağı hükmünün neshi problem” başlıqlı magistrlik dissertasiyası.
Sabri Erturhanın “Haram ayların fıkhi okunuşu” başlıqlı elmi məqaləsi.
https://islamansiklopedisi.org.tr/batn-i-nahle-seriyyesi
https://islamansiklopedisi.org.tr/haram-aylar

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top