İslamda “Haram aylar” nə deməkdir və bu aylarda nələr qadağandır?


Ramazan ayı yaxınlaşdıqca “üç aylar” (Rəcəb, Şaban və Ramazan ayları) məsələsi istər istəməz müsəlmanlar arasında gündəmə çevrilir. Ramazan orucuna, Ramazan ayındakı mənəvi ab-havaya, bu ayda ediləcək ibadətlərə həm cismən, həm də ruhən hazırlıq mahiyyəti daşıyan bu aylarda möminlər ibadətlərini artırmağa çalışırlar. Daha əvvəl “üç aylar”ın mahiyyətini iki yazı ilə izah etməyə çalışmışdıq.
Bu yazıda isə “Haram aylar” məsələsinə toxunmağa, hər hansı bir ay haram olarmı, bir ay haram olsa, bu nə mənaya gəlir, bu aylarda hər şey haramdırmı, hər şey haram deyilsə, niyə belə adlanırlar, bu ayları digər aylardan fərqləndirən xüsusiyyətlər nələrdir? və s. kimi suallara cavab verməyə çalışacam. Onu da qeyd edək ki, “Üç aylar” məfhumu ilə “Haram aylar” məfhumu fərqli mənalar ifadə edir. Burada sadəcə Rəcəb ayı vardır ki, həm “üç aylar” içərisində, həm də “haram aylar” içərisində yer alır.

Hicri-Qəməri təqvim və bu təqvimin ayları
Qəməri təqvim, ay hərəkətlərinin əsas alındığı bir təqvim növüdür. Bu təqvimdə ayların başlanğıc və bitiş vaxtları ayın hərəkətlərinə görə müəyyən edilir. Qəməri təqvimindəki on iki aydan ibarət olan bir il günəş təqvimindən on bir gün qısadır. Buna görə də qəməri təqvimindəki aylar günəş təqvimi içərisində həmişə dəyişir və fərqli mövsümlərə düşür. Bu yazıda bəhs edəcəyimiz “Haram aylar”ın da içərisində olduğu Qəməri təqvim sırarı ilə bu aylardan meydana gəlir: Məhərrəm, Səfər, Rəbiul-əvvəl, Rəbiul-əxir, Cumadəl-ulə, Cumadəl-əxir, Rəcəb, Şaban, Ramazan, Şəvvəl, Zilqadə və Zilhiccə.

“Haram aylar” hansılardır?
Haram ayları sırası ilə Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarıdır. Bu aylardan üçü ard-arda gəlir, Rəcəb ayı isə başqa bir zamanda yer alır. 

Digər zaman dilimlərinə görə daha fəzilətli olan zamanlar
İslamda bəzi zaman dilimləri digər zamanlara görə, bəzi aylar, gün və gecələr də digər ay, gün və gecələrə görə daha dəyərli və müqəddəs hesab edilmişdir. Dünya həyatında da buna bənzər misallar var. Güllərin çiçək açması və s. kimi xüsusiyyətlərinə görə baharın digər fəsillərdən gözəlliyi ilə fərqlənməsini, təbiət olaraq bir bölgənin digər bölgələrə görə daha gözəl olmasını, ilin bəzi zamanlarında ticarət həyatının daha canlı olmasını, ya da ilin bəzi dövrlərində çay və dənizlərdə balıq axınının və dolayısı ilə balıq ovunun daha çox olmasını buna misal göstərmək olar. Bu müqəddəs zaman dilimləri və məkanlar Allahın (c.c) bəndələrinə olan lütfünün və səxavətinin bir göstəricisidir. Buna görə də bu aylar Allahın coşğun rəhmətindən və bağışlanmasından bəhrələnmək üçün ən gözəl vəsilədir. Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəb ayları da bu cür fərqli bir atmosferi olan, müqəddəs və daha hörmətə layiq aylardandır.

 “Haram aylar” anlayışının ortaya çıxmasındakı tarixi arxa plan…
Çöl və ya səhra həyatının diktə etdiyi şərtlər bu ayların haram aylar olmasında mühüm rol oynayırdı. Çöl və səhranın sakinləri son dərəcə yoxsul həyat yaşayırdılar. Cahiliyyə dövründə insan həyatının, insanların mal-mülklərin, eyni zamanda karvan yollarının təhlükəsizliyinin təmin edilməsində, beləcə də ticarət və məişət həyatının davam etdirilməsində “haram aylar” mühüm yer tuturdu. İslamdan əvvəl bölgədəki ərəblərin bir qismi demək olar ki soyğunçuluq və talançılıqla dolanırdılar. Həyatlarını davam etdirə bilmək üçün bir-biriləriylə yarışır, bəzən ot və ya su üstündə, bəzən də karvan yollarına sahib olmaq üçün bir-biriləriylə savaşırdılar.
Bütün bunlarla yanaşı hələ İslamdan əvvəlki dövrlərdə də ərəb yarımadasında Məkkə şəhəri və Kəbə mühüm yer tuturdu. Onların savaşla yoğrulan bu həyatlarına baxmayaraq həcc ziyarətlərini yerinə yetirmələri də zəruri idi. Savaşlar, talançılıq və karvan basqınları və s. kimi əməllər həyatlarının bir parçası halına gəlmişdi. Belə çətin həyat şərtlərindən bir az uzaqlaşaraq nəfəs ala biləcəkləri, həyatlarını qaydasına salacaqları bir zaman diliminə ehtiyac var idi. Belə bir zaman dilimi olaraq onların dadına “haram aylar” yetişmişdi. Eyni zamanda dini mahiyyət daşıyan “Haram aylar”ında (Zilqadə, Zilhiccə, Məhərrəm, Rəcəb) hər cür savaş Həzrət İbrahim (ə.s) peyğəmbərin dövründən qadağan edildiyinə görə, bu aylarda yarmarkalar qurulur, əyləncələr keçirilir, insanlar asanlıqla həcc ibadətini yerinə yetirir, sonra da evlərinə güvən, inam və qorxusuzca qayıda bilirdilər. Bir sözlə, “Haram aylar”ın mövcudluğunda hələ İslamdan əvvəlki səhra və ya çöl ərəblərinə dini, ictimai və iqtisadi cəhətdən çox böyük faydaları var idi. Cahiliyyə dövrü insanları bu aylardakı “haramlıq” məsələsinə diqqətlə yanaşır, bu dörd aylıq sülh və barış dövrünü pozmamağa, buna əməl etməyə çalışırdılar.
Cahiliyyə dövründə ərəblər bu haram aylara o qədər əməl etməyə çalışırdılar ki, özündə qan axıtmanı ehtiva etdiyi üçün ov ovlamağı belə bu aylarda tərk edirdilər. Belə bir barış və sülh atmosferinin ortaya çıxmasında şübhəsiz ki, bu ayların "haram aylar" elan edilməsinin, dolayısı ilə dini bir boya ilə boyanmasının böyük rolu var idi. Həm dini, həm sosial, həm də iqtisadi bir sıra faydaları özündə ehtiva etdiyinə görə, Quran ayələrində “faydalı və yararlı olanın davam etdirilməsi” prinsibinə əsasən bu “haram aylar”ın müqəddəsliyi öz əksini tapmışdır. Ayədə bu haqda belə buyurulmuşdur:
“Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)” (Tövbə, 9/36). Göründüyü kimi ayənin son hissəsində özünü müdafiə, zülmün qarşısını almaq kimi məsələlər xaricində bu aylarda savaşmağa icazə verilməmişdir.

Haram ayları qəbul etməyən ərəb qəbilələri də vardı
Bütün bunlarla yanaşı İslamdan əvvəlki Cahiliyyə dövründə ilin heç bir ayını haram ay hesab etməyən və onun müqəddəsliyini qəbul etməyən qəbilələr də var idi. Onlara görə ilin bütün ayları eyni dəyərə sahib idi. Dolayısı ilə heç bir ayda savaş və müharibədən geri qalmırdılar. Burada bir anlıq insan ağılına gəlir ki, hə bəli, bəzi ərəb qəbilələri “haram aylar”ın müqəddəsliyi qəbul etmirlər. Deməli onlar ilin bütün aylarını savaşdan uzaq aylar oluğunu düşünürdülər. Ancaq məsələ tam əksinədir. Savaş, hücum, karvan basma kimi məsələlər onların ruhlarına o qədər işləmişdi ki, bu dörd aylıq haram aylarında savaşdan uzaq qalmağı özləri üçün bir itki hesab edirdilər.

Bu ayların “haram” adlandırılmasının səbəbləri
Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəb ayları bu aylarda savaşmaq qadağan olduğu üçün “haram aylar” adlandırılmışdır. Quranda da haram aylarda savaşmağın böyük günah olduğu bildirilmişdir: “Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır” (Bəqərə, 2/217). Bu qadağa hələ İslamdan əvvəl ərəb cəmiyyətində mövcud idi və “haram aylar” məsələsinin Həzrət İbrahim (ə.s) peyğəmbərə qədər gedib çıxan tarixi var. İslamdan əvvəl bəzi ərəb qəbilələri haram aylarda bir-biriləri ilə savaşaraq bu qadağanı çeynədikləri və günah işlədikləri üçün bu savaşlara “Ficar savaşları” adını veriblər. “Ficar” sözü ərəb dilində “haqqdan azmaq”, “günah etmək”, “andında və sözündə yalan danışmaq” mənasına gəlir. Peyğəmbərlik verilmədən əvvəl Allah Rəsulu (s.ə.s) Ficar savaşlarından ikisinə qatılmış, əmilərinə ox paylamaqla kömək eləmişdir.
Bu ayların “haram aylar” olaraq adlandırılmasının digər səbəbi də insanların həcc və ümrə vəzifələrinin güvən və sülh içərisində yerinə yetirə bilmələri üçündür.

Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top