Bəxtiyar Hacıyevlə bağlı müraciət olundu


Bəxtiyar Hacıyevin Müalicə Müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmət və Tibb Baş İdarəsinə müraciət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Məmmədova sosial şəbəkə hesabında paylaşım edib.
“Bəxtiyar Hacıyevin vəziyyətinin pisləşdiyini nəzərə alaraq Penitensiar Xidmət və Tibb Baş İdarəsinə müraciət etdim ki, o, Müalicə Müəssisəsinə köçürülsün və təcili KT və digər müayinələrdən keçirilsin”, - vəkil bildirib.
Xatırladaq ki, ötən gün ombudsman Səbinə Əliyeva 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Dekabrın 29-da isə ictimai fəalın vəkili Aqil Layıc Bəxtiyar Hacıyevin ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırdığını açıqlayıb.
Yanvar ayının 9-da isə o, yenidən aclıq aksiyasına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top