AXCP üzvü “Azərişıq”la bağlı etirazından sonra həbs olundu


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin üzvü Elnur Həsənov həbs olunub. Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov onun İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka həbs olunması haqda qərar çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Elnur Həsənov yanvarın 31-də səhər saatlarında “Azərişıq” ASC-nin Yasamal şöbəsində saxlanılıb.
“Elnur Həsənovun qardaşı Teymur Həsənov Qarabağ döyüşlərində şəhid olub. Nənəsi onun himayəsindədir. 85 yaşlı qadın imtiyazlı ailələr kateqoriyasına aiddir. “Azərişıq”ın əməkdaşları qışda, bu soyuq günlərdə gəlib yaşlı qadının işıqlarını kəsiblər. Elnur Həsənov iki gün əvvəl sosial media vasitəsilə onların bu davranışını tənqid eləmişdi. Ümumiyyətlə, hökumətin sosial siyasəti, öz vətəndaşlarına qarşı münasibətilə bağlı tənqidi fikirlər səsləndirmişdi”, - AXCP-dən bildirilib.
Elnur Həsənov yanvarın 30-da “Facebook” hesabında yazıb ki, sosial media hesabında bir gün əvvəlki çıxışından sonra üç nəfər tərəfindən izlənilir.
“Dünənki çıxış, deyəsən, kimlərisə çox narahat edib. Qapımızı 3 dənə enli kürək kəsdirib, məlumatlı olun”, – AXCP üzvü belə yazıb.
AXCP-dən bildirilib ki, Elnur Həsənov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək:
“Şəhidin qardaşını 85 yaşlı nənəsinin işığının kəsilməsinə etiraz etdiyinə görə şərləyib həbs edirlər. Bu, nə biabırçılıqdır?!”.

DİGƏR XƏBƏRLƏR

Top