MDU-da “Karyeramın zirvəsi Qarabağda” adlı təqdimat keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Karyeramın zirvəsi Qarabağda” adlı təqdimat keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “Heydər Əliyev ili” və 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunan tədbirdə universitetin bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.
Tədbirdə Zəngilan rayonu Ağalı kəndində aparılan quruculuq işlərindən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən bir sıra obyektlərin, o cümlədən tam orta məktəbin açılış mərasimlərindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra MDU məzunu, Ağalı kənd tam orta məktəbinin müəllimi Şəmsiyyə Şəmsəddinova çıxış edib. Məzunu olduğu universitetdə müəllim və tələbələrlə görüşdən məmnunluğunu ifadə edən S.Şəmsəddinova son dövrdə müasirləşmə yolunda önəmli addımlar atan MDU-da təhsil alanlar üçün yaradılan imkanların onun pedaqoji karyerasında və şəxsi inkişafında oynadığı əhəmiyyətli roldan danışıb. Tarixi Zəfərdən sonra ilk məskunlaşmanın reallaşdırıldığı və müasir standartların tətbiq edildiyi Ağalı kəndində mövcud yaşayış və iş şəraitindən söhbət açan S.Şəmsəddinova burada müəllimlik fəaliyyəti ilə məşğul olmanın üstünlüklərindən və məsuliyyətindən bəhs edib.
Daha sonra, KİM-in mütəxəssisi İlhamə Məmmədovanın moderatorluğu ilə təqdimatda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MİQ imtahanlarında uğurlu nəticə göstərərək hazırda Ağalı kənd orta məktəbində müəllim vəzifəsində çalışan S.Şəmsəddinova 2020-ci ildə MDU-nun İbtidai sinif müəllimliyi ixtisasından məzun olub.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top