
Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhiminin Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı “hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub” açıqlaması ifşa olunub.
Yeniavaz.com xəbər verir ki, bu, terrorçunun səfirliyin binasına daxil olduğu vaxt qeydə alınan görüntülərdən bəlli olub.
Belə ki, sözügedən kadrlarda terrorçunun əlində “Kalaşnikov” markalı avtomatla Azərbaycanın diplomatik korpusuna daxil olması əks olunub. Həmin zaman o, tək olub, yanında azyaşlı uşaqları və ya digər şəxslər olmayıb.
Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi açıqlamasında hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğunu deyib. Daha sonra isə hadisə yerindən təhlükəsizlik kameralarında qeydə alınan görüntülər yayılıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terrorçu saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz