ARKİ: "Üzvlükdən imtina ilə bağlı müraciət daxil olmayıb" - Yenilənib


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup mədəniyyət və incəsənət xadiminin qurumun üzvlüyündən imtina etməsi məsələsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, ARKİ-nin açıqlamasında deyilib:
“ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılmış, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.
Qurumun növbəti açıqlamasında ARKİ-nin əməkdaşı olmuş Əli Vəliyevin də iddialarına münasubət bildirilib:
“ARKİ-nin əməkdaşı olmuş Əli Vəliyev cəmiyyətimizin həssas olan təbəqəsinin, yəni şəhid ailələrinin adını hallandırararq 25.01.2023-cü il tarixdə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat təqdim edib.
ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən 19.10.2020-ci il tarixdə ARKİ-nin üzvləri tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nağd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb.
Qeyd edilən vəsait nağd üsulla ARKİ-nin hesabına mədaxil edilmiş və ARKİ-nin hesabından əlavə vəsait ayrılmaqla ümumilikdə 5000 AZN məbləğində vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb.
Əli Vəliyev tərəfindən təqdim edilən qərəzli məlumatlar hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edilib.
25.01.2023-cü il tarixli məqalədə “üzr istəyib sözlərimi geri götürəcəyəm” sözü ilə əlaqədar bildiririk ki, həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün şəhid ailələrindən üzr istəməyi təklif olunur”.

***10:22
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib.

İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.

Yeniavaz.com xəbər verir ki, APA sözügedən şəxslərlə əlaqə saxlayaraq, üzvlükdən imtina səbəblərini öyrənib.

Xalq yazıçısı Natiq Rəsulzadə üzvlükdən imtina etmək məsələsinin çoxdan olduğunu deyib.

"Mən o üzvlükdən çoxdan imtina eləmişəm. Çünki bir Xalq yazıçısı olaraq, məni nə katibliyə, nə də rəhbərliyə saldılar. Bu, hesab edirəm ki, doğru deyil, haqsız yanaşmadır. Bilirsiniz, mən hansısa qurumdan çıxanda qapını çırpmıram. Səs-küyü sevmirəm. Bu qədər adam üzvlükdən imtina edibsə, demək, burada nəsə var. Mən ümumiyyətlə, 5-6 ildir, ora ilə əlaqəni kəsmişəm".

Xalq artisti Ənvər Həsənov ittifaqın heç bir funksionallığının olmadığını əsas gətirib.

"O ittifaq ümumiyyətlə niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə edib, mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə yardım üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da ayrılmamışdı. Hamısı yalandır".

Xalq artisti Tariyel Qasımov da üzvlükdən imtina edənlər arasındadır.

"Mən Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Amma bu, mənə deyilməyib. Təsəvvür edirsiniz? Şəfiqə Məmmədova bunu məndən gizlədib. Düzdür, bir gün qalmış xəbər tutdum, birtəhər getdim, amma edilən hərəkətə heç bir ad verə bilmədim. Bundan sonra artıq üzvlükdən imtina etdim. Mən seçki prosesində də olmamışam. Şəfiqə Məmmədova yenidən necə, harada sədr seçilib, bilmirəm, mən onu seçməmişəm, seçmək fikrim də olmayıb".

İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova ilə əlaqə saxlamaq mümkün olmayıb. Belə ki, o, zənglərə cavab verməyib.

Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də ittifaqdan və ittifaqın mətbuat katibi vəzifəsindən ayrıldığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top