“Naxçıvanbank” gəlirlərini 2 dəfə artırıb – Talıbovun qızı da rəhbərlikdə olub


“Naxçıvanbank” ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
Yeniavaz.com
ASC-dən verilən məlumatlara istinadən bildirir ki, bank 2022-ci ildə 13 milyon 54 min manat xalis mənfəət əldə edib və bu, 2021-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, hesabatın açıqlandığı maliyyə ilində - 2022-ci ildə “Naxçıvanbank” ASC-nin  Müşahidə Şurasının 3 üzvündən biri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızı Baharxanım Talıbova olub. Baharxanım Talıbova bu ilin əvvəlində tutduğu vəzifədən azad olunub.
Onu da qeyd edək ki, “Naxçıvanbank” ASC uzun illərdir bank səhmdarların kim olduğunu ictimaiyyətdən gizlədir.
Bildiyimiz kimi Mərkəzi Bankın qəbul etdiyi “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması” Qaydalarına uyğun olaraq ölkədə fəaliyyət göstərən banklar hər il maliyyə hesbatı təqdim edirlər.
Lakin, “Naxçıvanbank” ASC-nin hesabatı hər il natamam təqdim olunur.
Məsələn, bankın 2017-ci il üçün təqdim etdiyi maliyyə hesabatında 5-ci səhifə, yaxud 2019-cu ildə təqdim etdiyi hesabatda 8-ci səhifə yoxdur.
Bankın ötən il üçün təqdim etdiyi sonuncu hesabatda isə 9-cu səhifə olmayıb, lakin daha sonra düzəliş edilərək 9-cu səhifə hesabata əlavə olunsa da, səhmdarların adının keçdiyi hissə pozulub.
Hazırda “Naxçıvanbank” ASC səhmdarlarının kimliyini gizli saxlayan yeganə bank hesab olunur. Verilən açıqlamalarda yalnız o qeyd olunur ki, bankın səhmdarları 3 nəfər fiziki şəxsdir. Mətbuatda yer alan məlumatlarda iddia olunur ki, bu şəxslər Vasif Talıbovun ailə üzvləridir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top