Azər Aydəmir: “Qatil gözlə qaş arasında, burnunun ucundadır...” – Müsahibə


Son həftələr Azərbaycan tamaşaçısının diqqəti, demək olar ki, eyni nöqtəyə yönəlib. “Əqrəb mövsümü” çox seriyalı bədii filmi bir çox insanı televizor qarşısına toplamağı bacarıb. Serialda hadisələr gənc oğlanı qətlə yetirən qatilin tapılması xətti ilə inkişaf edir. Sabah (26 yanvar) serialın final – 12-ci bölümü yayımlanacaq. Cinayət işinə cəlb edilən müstəntiqlərdən biri də aktyor Azər Aydəmirin canlandırdığı Rauf obrazıdır. Qatilin kimliyinin hələ də müəmmalı qalması izləyiciləri serialdan qopmağa qoymur.
“Əqrəb mövsümü”nün ssenari müəllifi, aktyor, ssenarist, prodüser, aparıcı Azər Rauf oğlu Aydəmir Yeniavaz.com-a müsahibə verib. O, müsahibəsində serialın gələcək taleyi və qatil barəsində də danışıb.
Azər Aydəmirin müsahibəsini təqdim edirik:

 

- Necəsiniz? Bir aktyor kimi özünüzü necə hiss edirsiniz?
- Aktyor kimi çox əlayam, qürurluyam, fəxarətliyəm. Yalan deyərəm ki, biz maraq gözləmirdik, yox, gözləyirdik, amma dərəcəsini təxmin etməmişdik.

- Azərbaycan aktyorunun vəziyyəti necədir?
- Pandemiya və ondan sonrakı durğunluq, hətta düşkünlük, sözsüz ki, Azərbaycan aktyorunu məyus edir. Teatrda vəziyyət necədir, bilmirəm. Çünki teatrlarda sağ olsunlar, pandemiya vaxtı da, pandemiyadan sonra da onların maaşları kəsilməyib. Ola bilər ki, repertuarlar, tamaşalar azalıb. Amma hər halda stabillik var. Amma kino sahəsində vəziyyət bir o qədər də qənaətbəxş deyil. Çünki nəinki pandemiya dövründə bir durğunluq yaşandı, həm də pandemiyadan sonrakı islahatlar aktyorları geniş ümidləndirdi ki, indi durmadan kinolar çəkiləcək, beynəlxalq müqavilələr imzalanacaq, birgə filmlər çəkiləcək, hamısı məşğul olacaq. Bu da bizi məyus etdi, belə olmadı. İki il dözdük, iki ildən sonra yenidən islahatlar baş verdi. Hələlik qənaətbəxş deyil.

- Azərbaycan kinematoqrafiyasının son dövrlərdəki canlanmasına səbəb nə oldu?
- Gərək danmayaq ki, ilk növbədə, sovet dövründəki kimi indi azad kinematoqrafiyaya ciddi nəzarət, senzura, mane olan yoxdur. Əgər sən nəsə azad bir şey istehsal etmək istəyirsənsə, buyur elə. Və azad təfəkkürlü rejissorlarımız var. Yeni nəsil kino adamları var. Hansılar ki, hərəsi bacardığı müxtəlif üsullarla, hardansa pul tapa-tapa bunları edirlər. Şərait yaradıldı deyəndə ki, əsasən şərait yaradılmadı, sadəcə mane olan yoxdur. Əvvəllər mane olurdular, indi mane olan yoxdur, odur ki, müşahidə etdiyimiz canlanma var.

- Mədəniyyət Nazirliyinin, Kinematoqrafçılar İttifaqlarının kinomuzun inkişafında bugünkü rolunu necə qiymətləndirirsiniz?
- Hələlik, çox mənfi. İttifaqlar 2 dənədir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kinonun inkişafında heç bir rolu yoxdur, sıfır. Azərbaycan Kinematoqrafçılar İttifaqının müəyyən cəhdləri, xoş siqnalları var. Onlar heç olmasa müəyyən gənc ssenaristlər arasında müsabiqələr keçirirlər, onları üzə çıxarırlar. Hətta hərdən qısametrajlı film çəkməyə də büdcə ayırırlar. Bunlar hamısı, əlbəttə ki, təqdirəlayiqdir. Mədəniyyət Nazirliyi kinonun çəkilməsinə, kinonun çox olmasına, kino cəmiyyətinin məşğul olmasına və pul qazanmasına sövq etməlidir. Dəstək olmalıdır, bu, onun işidir. Amma necə ki, bir az inanmırdıq, küsmüşdük, kinodan əlimizi üzmüşdük, Nazirlik də sanki belə bir davranış sərgiləyir. Özü bilavasitə bunun generatoru ola-ola, özü öz kinosundan küsüb. Odur ki, ancaq lazımi filmləri istehsala buraxır və lazımi ssenarilərə diqqət yetirir. Bu son 2 il ərzində və ondan qabaqkı rəhbərliyin vaxtında sırf metodika ilə işləyirdilər. Son 2-3 ayda Mədəniyyət Nazirliyi yenidən fundamental dəyişikliklərə məruz qaldı. İndi yenə də ümidlənib gözləyirik ki, Nazirliyin bütün əməkdaşları, elə üst qurumu da, nazirin özü də biz bu cür gözəl ortamda oturub necə kofe içiriksə, onlar da hamısı bizimlə oturub kofe, çay içməlidir. Biz yalnız belə bir-birimizi başa düşə bilərik. Mədəniyyət Nazirliyinin orta zəncir vəzifələrin mənsubları öz işlərinə çox bürokratik yanaşırlar, onları götürsən, Səhiyyə Nazirliyində, Maliyyə Nazirliyində də eyni funksiyanı yerinə yetirəcəklər. Məncə, Mədəniyyət Nazirliyini “çinovnik” anlayışından azad etmək lazımdır.

- Sosial şəbəkə profillərinizdə gündəmdə olan bir çox hadisəyə, məsələyə münasibət bildirirsiniz. Necə düşünürsünüz, incəsənət nümayəndələri başını aşağı salıb öz yaradıcı işi ilə məşğul olmalıdır, yoxsa cəmiyyətdəki digər nöqsanların, problemlərin həllində də iştirak etməlidir?
- İncəsənət sahələrinin nümayəndələri, musiqidən tutmuş rəssama qədər, bunlar hamısı ictimai xadimdirlər. Bilmirəm ki, bəzi insanlar niyə özlərini belə hesab etmirlər. Mənim həmkarlarım qıraqda dayanırlar, belə məsələlərə qoşulmurlar. Bu, çox neqativ haldır. İctimai xadim nə deməkdir? İctimaiyyətin bəlli bir faizinin sevdiyi, etibar etdiyi insandır. Həmin o ictimai xadimin müəyyən problemə qatqısı ola bilərsə, onun köməyi dəyə bilərsə, niyə bu səfir statusundan istifadə etməyəsən ki? Həm işini görməlisən, həm sözünü deməlisən. Yaradıcı adamın başını aşağı salıb işini görməsi anlayışı artıq itib, yox olub. Ziyalı mövqeyi deyilən bir şey var. Ziyalı təkcə Elmlər Akademiyasında işləyənlərə demirlər. Ziyalı müğənniyə də, rəssama da demək olar. Qırmızı xətləri keçməmək şərtilə öz ziyalı mövqeyini ortaya qoymalıdır. Qırmızı xətlər bizim ədəb-ərkanımızdır, məntiqimizdir. Hər şeyə də fikir bildirmək olmaz. Amma kölgəlikdə gizlənmək olmaz.

- Həm aparıcı, həm aktyor, həm ssenarist kimi fəaliyyətdəsiniz, müxtəlif səsləndirmələr, reklamlara çəkiliş işləri ilə də məşğulsunuz. Bunları necə çatdırırsınız? Bunun bir formulu varmı, nə məsləhət görərsiniz?
- Vallah, formul, düstur yoxdur. Amma hədəf, məqsəd var. Şərt deyil incəsənət sahəsi olsun. Maliyyə, tibb olsun, bir insanın hədəfi varsa, hədəfi konkretdirsə, məqsədinin ünvanı konkretdirsə, o zaman o məqsədə çatmaq üçün bütün bacardığı imkanlardan istifadə etməlidir. İnsan olaraq nələri bacarırsa, hansı sahələrdə özünü yaxşı hesab edirsə, mütləq fürsətdən istifadə etməlidir. Çünki hədəf, məqsədi var. Yox, əgər stabil, standart, “6-dan 8-ə” işləyən bir insandırsa, o tip adamlar bunu çatdırmazlar. Amma mənim ambisiyalarım, məqsədlərim var. Məni bu işləri görməyə vadar edən, vaxt çatdırmağa sövq edən məhz ürəyimdəki o yanğıdır, istəkdir. Haçansa o sönsə, heç aktyorluq etməyi də çatdırmaram, bəlkə.

- Yaradıcı ruhda olmaq insan taleyinə təsir edirmi? Yaradıcı insanlar daha emosional olurlar, hər şeyin dərinliyinə, fəlsəfəsinə varırlar, sizcə, bu onların gündəlik həyatına, məişətinə necə təsir edir?
- Əslində pis, mənfi təsir edir. Elə dövrdə yaşayırıq ki, kapitalizm dövrüdür, burda yaradıcı insan olmaqla yanaşı, həm bir az hüquqşünas, siyasətçi, diplomat, maliyyəçi olmalısan. Yaradıcı insan, hə, emosiyaları ilə davranan insandır. Və emosiyalarla davranan insanın aqibəti çox nadir hallarda yaxşı qutarır. Bunun nümunəsi olaraq elə, köhnə kino dünyamızı nümunə gətirmək olar. Sovet vaxtında bizim hansı rejissorlarımız hansı dərddən gedib, hansı aktyorlarımız hansı vərdişinə görə həyatdan gedib və s. Bunlar hamısı emosionallığın pis nəticəsidir. Mən də elə idim, çox emosional idim. Hərdən dərhal ağlıma gələni, dilimə gətirən biri idim. Amma son dövrlər, 4-5 il ərzində bu xüsusiyyəti özümdən çıxarmağa və özümü tərbiyələndirməyə cəhd edirəm. İnanmazsınız, hüquq ədəbiyyatına da, siyasi ədəbiyyata da müraciət edirəm ki, dövr onu tələb edir. “Sən yaradıcısan, ağzıma gələni danışacam, emosiyalarımı tökəcəm, dövlət mənim arxamda dayanacaq, məni dolandıracaq” -  elə deyil. İndi hər kəs öz başını idarə edir. Bir insan özündən başqa heç kimə lazım deyil. Ona görə bütün bu aspektləri də bilmək vacibdir. Əks halda, indiki dövrdə də gördük ki, emosiyalarına qapılan insanların son mənzili bir o qədər də xoş olmur.

- Bir müddət qəzetlərdə, jurnallarda müxbir kimi çalışmısınız. İndi də televiziyada aparıcılığını etdiyiniz veriliş var. Hazırda Azərbaycan jurnalistikasının, mətbuatının vəziyyətini necə qiymətləndirirsiniz?
- Bilmirəm, bəlkə də, yetəri qədər başım çıxmır, amma məni sevindirir. Nəyə görə? Çünki mən özümü media mənsubu sayıram, həm də aparıcıyam, amma nəbadə jurnalist deyiləm. Bu ada çox hörmətlə yanaşıram. Məni nə sevindirir? Çünki jurnalistika özünə son zamanlar yaradıcılığı da qatıb. Son 6-7 ildə bunu müşahidə edirəm. Əvvəllər jurnalist soyuqqanlı, kölgədə durub, lazım olan anda ortaya çıxıb və öz işini görüb, yenidən kölgəyə qaçan insan idi. Amma indiki jurnalistlərimiz həm öz üzərlərində bir biznes brend olaraq işləyirlər, həm bloger olaraq işləyirlər, həm zamanın nəbzini tuturlar, sosial şəbəkələrlə, texnoloji dövrlə ayaqlaşa bilirlər. Və hər bir materialı artıq yaradıcı formada təqdim etməyi bacarırlar. Amma sözsüz ki, 10-15-20 ildir sarı jurnalistikanın mənsubları da heç yerə getməyib, onlar var və qəzetlər yoxdur deyə, “Instagram” “TikTok” səhifələrinə köçüblər, daha doğrusu “qonublar”. Bir anda insanın ürəyini dayandıran, şoka salan başlıqlarla öz qara-qura işlərini görürlər. Bu yaradıcılıq deyil, bu, fırıldaqçılıqdır.

- “Körpü” və “Əqrəb mövsümü” serialları görürük ki, sosial şəbəkələrdə xeyli diqqət cəlb edib. Amma sosial şəbəkə hər şey demək deyil. Sizcə, bu seriallar televiziya önündəki Azərbaycan tamaşaçısına lazımdırmı? Bu iki məhsul Azərbaycan kinosuna nə qatdı, nəyi çıxardı?
- Ümumiyyətlə, həyatın, ölkənin, paytaxtın nəbzini tutan, aktiv insanlar arasında artıq, demək olar ki, “Əqrəb mövsümü”nü hər kəs tanıyır. O ki qaldı, sırf televizor qarşısında əyləşən, illərdir özəl kanallara həmin o qalibiyyət bayrağını verdirən zümrə var ki, onlar bizim seriallar barədə hazırda məlumatlıdırlarmı? Bilmirəm. Amma şəxsi fikrim odur ki, xeyr. Məlumatlı olsalar belə, ilk 2 seriyasını açıb qarışıq hislər keçirəcəklər və sadəcə söndürüb yenidən öz seriallarına baxacaqlar. Mənə elə gəlir ki, bu normaldır. Biz onları qınaya bilmərik, bizim cəmiyyətimizin bir hissəsidirlər. Böyük bir Azərbaycan tamaşaçısı var ki, hansı ki, məcburən yerli kanallara baxırdılar. Böyük bir qismi, ümumiyyətlə, baxmırdı. Səhərdən axşama qədər Türkiyə və Rusiya kanallarında yatan zümrədən söhbət gedir. Böyük bir zümrə var idi ki, ümumiyyətlə, kanal anlayışını televiziya qəbuledicilərindən silib sırf “YouTube” tamaşaçısına çevrilib. Və ümumiyyətlə, Azərbaycana aid bir dənə filmdən, serialdan, verilişdən, yazıçıdan xəbəri olmayan bir zümrə də var. Bax, bu saydığım 4 kateqoriya insan var idi ki, onlar faiz etibarilə mənə elə gəlir ki, əhalinin 15-20 faizini əhatə edən bir auditoriyadır. Bu, balaca auditoriya deyil, zənnimcə, böyükdür. Onlara bu iki serialın gücü ilə, üstəgəl rejissorun “Pərdə” filmi ilə ümid işığı yaratdıq. Biz onları necəsə də olsa, üzərində Azərbaycan kanalının loqotipi olan məhsula baxmağa məcbur elədik deməzdim, vadar elədik. Bu, çox sevindirici haldır.

- Baş Prokurorluğun sizin yazdığınız ssenariyə hansısa müdaxilələri olubmu?
- “Əqrəb mövsümü” şəxsən mənim ideyam idi. Bunun ilk cızma-qarasını 2017-ci ildə etmişəm və ilk dəfə danışdığım adam Hikmət Rəhimov olub. Çünki Kənan obrazını sırf onun üzərinə yazırdım. O zaman hələ bilmirdim ikinci obrazı mən oynayacam, rejissor kim olacaq. Hərçənd o zamanlar biz Emil Quliyevlə dostluq edirdik. Biz bunu İctimai Televiziyaya təqdim etdikdən bir il sonra sağ olsunlar cavab verdilər. Məni sevindirdilər ki, muştuluq, biz bunu çəkirik. İkinci muştuluq da o idi ki, serialı Emil Quliyev çəkəcəkdi. Serial İctimai TV-yə təqdim olunmaqla yanaşı, Baş Prokurorluğa da təqdim olunmuşdu ki, baxın, belə bir iş görmək istəyirik. Bu da elə prokurorluğun islahatlar olan dövrünə təsadüf etmişdi, Kamran Əliyevin Baş prokuror təyin olunma ərəfəsi idi. Biz hər hansısa tərəfdən “okay” almasaydıq, bu serial olmayacaqdı. İTV ilə razılaşdıqdan sonra, əsas məsələ qaldı prokurorluq. İkinci şad xəbər də prokurorluqdan gəldi ki, bizim məsləhətçilərimizin iştirakı ilə ssenari bir daha ələkdən keçiriləcək. 6-12 gün arasında biz məsləhətçilərlə Cinayət Prosessual Məcəllənin qaydalarına uyğun bütün səhvləri düzəltdik. Amma müəyyən şişirtmələr var ki, bədiilik bunu tələb edir, o şişirdilmələrə də şifahi icazə verildi.

- “Əqrəb mövsümü”ndəki qatili harda axtaraq?
- Serialın birinci mövsümündə cinayət işi icra olunur və səbəbkarlar öz cəzalarını alırlar. Mövsüm bitirsə, cinayət işi bitir. Bu hekayə də bitir, 3-4-ü istisna olmaqla bu qəhrəmanları da görməyəcəksiniz. Amma Baş Prokurorluq qalır. Rauf, Kənan, Zabil obrazları yerində qalır. Bunlar hamısı iş başındadırlar və sözsüz ki, yeni cinayətlər olacaq. Biz çox istəyirik ikinci mövsüm olsun və bunun üzərində işlər gedir. Çox ümidliyik ki, olacaq.
Çox maraqlı paradoksdur. Mən detektiv seriallarına baxanda və ya kitabını oxuyanda özümü tamamilə təcrid edirəm. Telefona, internetə o qədər ehtiyatla girirəm ki, birdən bu serialla bağlı bir spoyler çıxar ki, mən onu bilməyim. O həzz itər. Axı film əyləncədir. Mənim üçün, Azər Aydəmir üçün və bizim komanda üçün film birinci növbədə mədəniyyət deyil, əyləncədir, popkorndur. Film müəllif filmləri çəkənlər üçün mədəniyyətdir. Hazırda Azərbaycan kinosunu 30 ildir əsarətdə saxlayanlar üçün, bütün ittifaqlarda oturan yüksək vəzifəli məmurlar üçün film mədəniyyət imiş sən demə. Onlar filmlə nəyisə təbliğ etmək istəyirlər. Kino “entertainment”dir, əyləncə, popkorn. İşdən yorğun gələn Azərbaycan vətəndaşının stress atmasını təmin etməliyəm – mənim ilk funksiyam budur.
Qatilin kim olduğunu bilmək üçün isə Ceyhun Hidayətlinin “Əqrəb” kitabını tapsınlar, oxusunlar (gülür). Mən hətta ipucu verdim. “Əqrəb mövsümü” ən başlanğıc detektiv janrları stilində, klasikk detektiv qayda-qanunlarına uyğun yazılıb, çəkilib. Klassik detektiv nə deməkdir? Qatil gözlə qaş arasında, burnunun ucundan uzaqda olmamaq şərtilə daim sənin yanındadır. Klassik detektivdə çox gözəl bir fənd var ki, qatil həmişə yaxındadır, yanındadır.

- İfa etdiyiniz rolun taleyi, xarakteri, davranışları öz həyatınıza yansıyıbmı? Yəni ifa etdiyiniz obraza oxşamısınızmı? Bu sizin həyatınıza hansı dərəcə təsir göstərir?
- Yox, qətiyyən, olmayıb. Oxucular, bəlkə, təəccüblənəcəklər, mən bu məsələyə bir az qeyri-ciddi yanaşıram. Kinodur, müəyyən bir obraz var, onu canlandırmaq lazımdır, gəlirəm, oynayıram, bir ay, iki ay, qurtardı, vəssalam, gedirəm öz həyatımla məşğul oluram. Obrazda ilişib qalmaq Konstantin Stanislavski, Anton Çexovun metodlarından, köhnə məktəbdən gələn bir problem idi. Çünki səni rolun üzərində o qədər çalışmağa sövq edirdi ki... Gecə gəlib yoxlayırdı ki, sən Otello obrazındasan, yoxsa yox. Həddən artıq ciddi yanaşma var idi. Bunlar hamısı qaldı keçmişdə. İndi İvana Çabbak dövrüdür. O, dünyada tanınmış bir kino təlimçisidir. Onun metodikası budur ki, maksimum realistik olursan. Əgər tarixi personajı yox, indiki dövrü oynayırsansa, sən ssenarini oxuyandan sonra xarakteri təsbit edirsən ki, bu kimdir, oğrudur, quldurdur, polisdir, yaxşı oğlandır, kasıbdır. Bunu təsbit edəndən sonra öz ətrafına baxırsan. Əliş elədir, Əhməd elədir, aha, Bizdə Fərhad elədir... Gedirsən Fərhadı oynayırsan. İndiki dövrdə mənim oynadığım obrazlar həyatda tanıdığım insanlardır.

- Keçmiş filmlərdən çəkilmək istədiyiniz, arzuladığınız obraz, rol hansıdır?
8 mövsümlük bir serial var: “Milyardlar”. Orda baş rol ifaçısı var, Deymiyen Luis. Mənim üçün çox gözəl, möhtəşəm, tədris olunacaq bir aktyor işi sərgiləyir. Mən ona qısa-qısa baxıram ki, bitməsin. Artıq 4 ildir baxıram. Çox istəyərdim ki, o rolu mən oynayım.


Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top