Azərbaycandakı Rusiya bankı gəlirlərini kəskin artırıb


“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
Yeniavaz.com
bankdan verilən məlumatlara istinadən bildirir ki, ötən il bankın əməliyyat gəlirləri 39,2 milyon manat, o cümlədən faiz gəlirləri 24,9 milyon manat, qeyri-faiz gəlirləri 14,3 milyon manat olub.
Bank 2022-ci ildə 11,9 milyon manat xalis mənfəət əldə edib və bu, 2021-ci illə müqayisədə 2,8 dəfə çox olub.
Qeyd edək ki, “Bank VTB” səhmlərinin 60,9%-i dövlətə məxsus olan, nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə “Sberbank”dan sonra ikinci bankıdır. Mərkəzi ofisi Moskvada yerləşən bankın Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Almaniya, İtaliya, Böyük Britaniya və Kiprdə törəmə bankları fəaliyyət göstərir.
“Bank VTB”nin Azərbaycandakı törəmə şirkətinin rəsmi açılışı 2009-cu il noyabrın 23-də keçirilib. Bankdan verilən məlumatda qeyd olunur ki, Azərbaycandakı törəmə bankın səhmlərinin 99,99 %-i Rusiyadakı “Bank VTB”yə, 0,01%-i isə Ağayev Adıgözələ məxsusdur. Bankın əsas məqsədlərindən biri Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır. Həmçinin Rusiya ilə işgüzar əlaqələri olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bankdır.
“Bank VTB”nin (Azərbaycan) Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, İdarə Heyətinin sədri isə Okayev İqor Anatolyeviçdir.
Onu da qeyd edək ki, “Bank VTB”nin adı daha əvvəl də casusluq qalmaqalında hallanıb. Belə ki, 2015-ci ildə “Bank VTB”nin əməkdaşı Yevgeni Buryakov Rusiya kəşfiyyatına işləməkdə ittiham olunaraq ABŞ-da həbs olunub. Məhkəmədə günahlarını etiraf edən Buryakova 3 ilə yaxın həbs cəzası kəsilib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top