Rusiyada mənzillərə verilən suyun temperaturu azaldılır

Rusiyada mənzillərə verilən isti su yandırıcı olmaqdan çıxacaq. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) mənzillərə verilən suyun temperaturunu 10 selsi dərəcə azaldaraq 50 dərəcəyə çatdırmağı təklif edir. Qurum bununla bağlı qanun layihəsini hazırlamağa başlayıb. Layihə müəlliflərinin fikrincə, bu, isti su təchizatı üzrə tariflərin, ilk növbədə suyun qızdırılması tariflərinin azalmasına gətirib çıxaracaq. Xatırladaq ki, Rusiyada kommunal xidmətlər üzrə ödənişlər ildə bir dəfə - iyulun 1-dən artırılır. 2016-cı ildə elektrik enerjisi, qaz, su və istiliyə görə tariflər orta hesabla 4 faiz artıb. Rusiya Statistika Komitəsinin məlumatına əsasən, il ərzində isti su təchizatı 6,8 faiz bahalaşıb. Hazırda qüvvədə olan sənədə əsasən, mənzillərə verilən isti suyun temperaturu ən azı 60 dərəcə olmalıdır. Yalnız bu halda suda olan viruslar və bakteriyalar artmır. Qurumdan bildiriblər ki, dərəcənin azaldılması istehlakçıların yoluxma təhlükəsinə gətirib çıxarmayacaq. Bunun üçün su kanalları suyun yaxşı təmizlənməsini təmin etməlidirlər. Layihə müəlliflərinin fikrincə, dəyişiklilər 2017-ci ilin martında qüvvəyə minməlidir.

DİGƏR XƏBƏRLƏR

Top