Azərbaycanda kişilər sosial mediaya çox vaxt sərf edir, yoxsa qadınlar? - Statistika


Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycanda əhalinin 72,2%-i sosial mediadan istifadə edir.
Yeniavaz.com
Mərkəzin saytına istinadla xəbər verir ki, sosial media istifadəçilərinin 43,6%-i “YouTube”, “35,8%-i “İnstagram”, 26,5%-i “Facebook”, 25,0%-i “TikTok”, 6,4%-i isə “Twitter” platformalarından istifadə edir.
Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. “Facebook” istifadəçilərinin 30,1%-i qadın olduğu halda, 69,9%-i kişidir. Bu tendensiya digər sosial media platformaları üçün də xarakterikdir. Yalnız “İnstagram” istifadəçiləri arasında qadınlar kişilərə nisbətdə üstünlük təşkil edir (37,6%-i qadın, 34,0%-i kişi).
Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edir. Məsələn, “İnstagram” istifadəçilərinin 73,9%-i, “YouTube” istifadəçilərinin 52,2%-i, “TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyalarına aiddir.
Sorğu nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.
Nəticələrin təhlili göstərir ki, ali təhsilli respondentlər orta təhsilə malik olanlarla müqayisədə sosial şəbəkələrdən nisbətən daha çox istifadə edirlər. Belə ki, ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisidir.
Sorğu çərçivəsində respondentlərin orta hesabla günün neçə saatını sosial mediada keçirmələri də öyrənilib. Bu istiqamətdə ünvanlanan suala cavab olaraq, respondentlərin 42,5%-i 1 saata qədər, 38,9%-i 1-3 saat, 9,6%-i 3-5 saat, 8,6%-i gün ərzində 5 saatdan çox vaxt keçirdiklərini bildirib.
Sosial mediada 1 saata qədər vaxt keçirdiyini bildirənlərin əsas hissəsini qadınlar təşkil edir (49,7% qadın, 34,6% kişi). 5 saatdan çox vaxt keçirənlərin isə əsas hissəsi kişilərdir (41,7% qadın, 58,3% kişi). Həmçinin onlar arasında 18-35 yaş kateqoriyasına aid olanlar üstünlük təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top