“Bir qrup şəxs məktəbin kameraları qarşısında oğlumu vəhşicəsinə döyüb” – Açıqlama


Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə şagirdin döyüldüyü iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə özünü həmin məktəbdə təhsil alan R.E.-nin valideyni kimi təqdim edən “Eliyeva Gunka” adlı profilin sahibi sosial şəbəkələrdə paylaşım edib.
O iddia edib ki, oğlu bir qrup şəxs tərəfindən məktəbin həyətində planlı şəkildə vəhşicəsinə döyülüb:
“Bir neçə gün öncə oğlum ilə təhsil aldığı məktəbin şagirdi arasında münaqişə yaranıb, dalaşıblar. Daha sonra məktəbin müəllimləri bunları barışdırmağa çalışsa da, qarşı tərəfdən bir uşaq “öldürəcəm, vuracam” kimi ifadələr işlədərək oğlumu təhdid edib. Dəfələrlə məktəbə gedib buna görə narahat olduğumu bildirdim. “Narahat olma, hər şey qaydasındadır” deyib məni yola saldılar. Yanvarın 18-də oğlum əsas korpusdan çıxıb növbəti dərs üçün arxa korpusa gedərkən həmin təhdid edən uşağın böyük qardaşı, cangüdəni, sürücüsü məktəbin kameraları qarşısında oğluma qarşı bu cinayəti törədiblər. Qarşı tərəfin kim olduğu guya məktəbə məlum deyil. Bu şəxs məktəbi və polisi belə saymır. Görüntülər məktəb rəhbətliyində olsa da, mənə vermirlər”.
İddialarla bağlı Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Yeniavaz.com-a verilən məlumatda bildirilib ki, 13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb:
“Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi ilə bağlı tövsiyələr verilib.
Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023 -cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib.
Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Yeniavaz.com-a bildirib ki, hazırda Xətai rayon polis idarəsi tədqiqat şöbəsi tərəfindən araşdırmalar aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top