“Müvəkkilimə işgəncə verilib, görüş hüququmuzu təmin etmirlər” – Video + Açıqlama


“Şirvan Şəhər Polis Şöbəsindəyəm. Hüquqlarını müdafiə etdiyim şəxsi (Elgün Quliyev – red.) dünən (19 yanvar – red.) qanunsuz olaraq həbs ediblər. Qohumları bildirir ki, şöbədə işgəncə verilib. 40 dəqiqədən çoxdur ki, vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuzu təmin etmirlər”.
Yeniavaz.com
xəbər verir ki, bunu vəkil Ramil Rüstəmov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Müstəntiq deyir ki, prokuror icazə vermir. DİN-in 102 və Baş Prokurorluğun 961 qaynar xəttinə şikayətlər etmişəm, hələ xəbər yoxdur. Prezident Administrasiyasının qaynar xəttinə yığıram, telefonu götürən yoxdur. Mən vəkilin və təqsirləndirilən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının 6, Azərbaycan Konstitusiyasının 61, Cinayət Prosessual Məcəllənin 91, 92-ci maddələrinin tələblərini pozurlar. Hesab edirəm ki, işgəncə faktı olduğuna görə görüş vermirlər, hansısa qabaqlayıcı tədbir görməyə çalışırlar”, - vəkil əlavə edib.
İddialarla bağlı Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, vəkil Ramil Rüstəmovun işgəncə iddiaları əsassızdır:
“Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların perekusorlarının qanunsuz dövriyyəsi şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb. Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
E.Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi ilə bağlı qeyd edilən iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir.
Bundan əlavə vəkil R.Rüstəmovun vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır. Belə ki, vəkil polis şöbəsinə order təqdim edən zaman müstəntiq saxlanılan E.Quliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sonuncu ilə birlikdə aidiyyəti üzrə şəhər prokurorluğuna, daha sonra isə şəhər məhkəməsinə yollanıblar. Bu zaman vəkil R.Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub”.

DİGƏR XƏBƏRLƏR

Top