Pediatr uşaqlar arasında yayılan virusdan danışdı: "Şişirdirlər"


Son günlər uşaqlar arasında virus yayılıb və quru öskürək, halsızlıq, qızdırma, ishal kimi simptomlarla müşahidə olunur.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan pediatr Aytən İsmayılzadə bildirib ki, bu, mövsümi qripdir:
"Ortada xüsusi bir şey yoxdur. Bəzi saytlar qripi şişirdirlər və "influenza" deyirlər. Qripin elə ingiliscə adı "influenza"dır. Bu, həmişə payız-qış fəslində olan virus infeksiyasıdır. Qeyri-adi bir şey yoxdur, lakin immuniteti zəif olan, özünə baxmayan insanların vəziyyəti ağırlaşa bilər. Virus özü güclüdür, meningit də, pnevmoniya da törədə bilir.
Xəstəliyin ağırlaşıb-ağırlaşmayacağı immunitetdən çox virusun öldürücülüyündən asılıdır. 3 gündən artıq temperatur düşmədiyi halda həkimə müraciət etmək lazımdır. Əvvəldən həkimlə təmasda olmaq və gecikdirməmək vacibdir. Dərhal antibiotikdən istifadə etmək olmaz. Risk qrupunda olan, hər dəfə vəziyyəti ağırlaşan uşaqlara peyvənd təyin edə bilərik".
Aytən İsmayılzadə həmçinin tibb bacılarına da müraciət edib:
"Tibb bacıları sistem qoşdurmaq istəyən pasiyentlərə dərhal metronidazol, levofloksasin kimi ağır antibiotikləri tətbiq edirlər. Buna kim nəzarət edir? Tibb bacısı etdiyi işin təhlükəsini anlamalıdır, çəkinməlidir. Ev şəraitində gəlib sistem qoşmaqla iş bitmir. Apteklərdən soruşsanız, görərsiniz ki, bu dərmanlar kifayət qədər satılır".
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev də bu gün jurnalistlərə ölkədə son vaxtlar mövsümi qripin yayıldığını bildirib:
"İki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümü qriplər yayılıb. Buna görə də hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəsisələrinə paylanıb".

Nazlı Rəcəbova

DİGƏR XƏBƏRLƏR

Top