Bütün varlığımız, Vətən, sənə fəda olsun!


Xalqımız 1990-cı il yanvarın 20-də qətliamla qarşı-qarşıya qaldı. Silahsız insanlar rus əsgərləri və tankları tərəfindən atəşə tutuldu. Çoxlu dinc insan şəhid edildi.
Beləliklə, rus qoşunlarının ölkəmizə qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, eyni zamanda təcili yardım işçiləri və milis nəfərləri oldu. Sovet qoşunları 841 nəfəri qanunsuz həbs etdi, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki cəzaçəkmə müəssisələrinə göndərildi. Rus əsgərləri 200-dən çox evə, 80-dən çox avtomobilə atəş açıb külli-miqdarda zərər yetirdi.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi”adlanır. Bu faciə ümumxalq hüznü olmaqla bərabər, həm də xalqımızın iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqillikdə gördü.
Küçələrə çıxan insanların sadəcə bir istəyi vardı: müstəqil Azərbaycan. Onlar bu istəklərində səmimi idilər və bunu da isbat etdilər. Cansa can, qansa qan, azadlıq verilmir, azadlıq alınır. Vətənimizin qəhrəmanlıq dastanına çevrilmiş övladları qorxmadan, geri durmadan özlərini doğma Azərbaycanımız üçün qurban verdilər. Onlar üçün Vətən, millət, torpaq anlayışı hər şeydən üstün idi. Dəyərli millətimdə bu duyğular hər zaman vardır, var olacaqdır.
Azərbaycan xalqı həmişə vətənpərvər, igid oğul və qızlar yetişdirib. Bu gün biz onların sayəsində varıq. Torpaq əgər uğrunda ölən varsa, vətəndir, deyilib. Amalımız vətənimizin varlığı, bölünməzliyi və bütövlüyüdür. Nə olursa olsun, təslim olmamaq, düşməni məhv etmək lazımdır.
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Hər il faciənin ildönümündə minlərlə insan şəhidlərin məzarını ziyarət edir, onların ruhuna fatihələr oxuyur, bu facəni törədənləri lənətlə yad edir.
Hər il 20 yanvar günü Bakı vaxtı ilə saat 12:00-da ölkəmizin bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilərdən, avtomobillərdən, qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bütün varlığımız, Vətən, sənə fəda olsun!

Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top