İctimai Nəzarət Şurasının üzvləri MDU-da imtahan prosesini izləyiblər


Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin payız semestrinin imtahan sessiyası çərçivəsində əyani və qiyabi formalarda təhsil alan tələbələrin imtahan prosesini müşahidə ediblər.
Yeniavaz.com
xəbər verir ki, MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən universitetin rektoru Şahin Bayramov cari payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı görülən işlər, imtahanların gedişi və bu günədək olan nəticələr barədə ətraflı məlumat verib.
Elm və təhsil nazirinin müvafiq əmrinin tələblərini diqqətə çatdıran rektor İNŞ üzvlərini imtahanlarda şəffaflığın və obyektivliyin təmin edilməsi, biliyin ədalətli qiymətləndirilməsi və müraciətlərin operativ cavablandırılması məqsədilə tətbiq edilən mexanizmlərlə, o cümlədən “İmtahan Qərargahı”nın fəaliyyəti ilə tanış edib.
İmtahan sessiyasının gedişatı ilə əyani tanışlıqdan məmnunluqlarını ifadə edən İNŞ üzvləri tələbələrə uğurlar arzulayıblar və MDU-nun müasirləşməsi istiqamətində atılan davamlı addımların universitetin milli ali təhsil məkanında mövqeyini daha da gücləndirəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız semestrinin imtahan sessiyası fevralın 1-dək davam edəcək. Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apelyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilir, rektorun iştirakı ilə müntəzəm olaraq “Açıq qapı” günləri keçirilir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top