Qolunuzu yana açıb əlinizdə su ilə dolu bir stəkan tutun... - Stress nədir?


Qolunuzu yana açıb əlinizdə su ilə dolu bir stəkan tutub bir dəqiqə saxlasanız, problem olmayacaq. Bir saat gözləsəniz, qolunuzda ciddi ağrı hiss edərsiniz. Bunu bir neçə saat davam etdirsəniz, qolunuzun stəkanı saxlamağa gücü yetməz. Stress də belədir.
Stress-orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxmasıdır. Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, miqren, yorğunluq, yüksək təzyiq, xora, titrəmə, diş qıcatma, sürətli nəfəs alıb vermə, qəbizlik, halsızlıq, baş ağrısı, astma baş verə bilər.
Stress immun sistemini zəiflədir. Xəstəlik bədənə yol tapır. Nəticədə insan özünü yorğun, əzgin hiss edir.

Bir anlıq düşünmək normaldır, amma uzun müddət insan hər hansı problemi ürəyində götür-qoy edir, əsəbiləşir və stress keçirirsə, həmin adamın sağlam qalması mümkün deyil. Bu vəziyyətdə bizdə hansı problemlər yaranır:
1. Stress ciddi baş, ürək və əzələ ağrıları yaradır
2. Yuxu və qida rejimini pozur
3. Davamlı gərgin və bədbin oluruq
4. Ən xırda şeylərə çox ciddi əsəbi reaksiya veririk
5. Stress immun sistemini zəiflədir və s.

Stressdən necə qorunmalı:
1. Təmiz hava və gün işığı stressli insanlar üçün gözəl dərmandır. Günəş şüasının tərkibindəki D vitamini bu tip insanlara faydalıdır.
2. “Yox”deyə bilməyi öyrənin. Bəzən elə təkliflər gəlir ki, siz onu etmək istəmirsiniz, amma kimi isə incitməmək üçün edib özünüzü stressə salırsınız. Buna ehtiyac yoxdur, incə şəkildə həmin tələbə “yox” deyin.
3. Sizi sakitləşdirəcək yüngül gimnastik hərəkətlər edin.
4. İşinizlə yanaşı, sizi əyləndirəcək bir məşğuliyyətiniz olmalıdır. Boş vaxtlarınızda həmin işlərlə məşğul olub özünüzü stressdən çıxara bilərsiniz. Bu bağçada işləmək, musiqi alətlərində ifa etmək, dibçəkdə gül yetişdimək, kiçik hekayələr yazmaq, rəsm çəkmək və s. ola bilər.
5. Su hövzəsinin kənarında gəzişmək də insanın əsəblərini çox rahatladır.
 6. Mütaliə etmək
Kitab oxumaq insanı stressdən uzaqlaşdırır. Bu,hər hansı bir roman, povest, hekayə, oçerk və s. ola bilər. İnsan həmin əsərdəki dünyaya dalır, əsəbləri sakitləşir.
7. Sakit olmağa çalışın
Çox yorulduğunuzda dərin nəfəs alın. Sakitləşin, pəncərəni açıb, təmiz hava qəbul edin.
8. Çalışarkən fasilə verin. İş zamanı arada 5 dəqiqəlik tənəffüs edin. Oturduğunuz stuldan qalxın, hərəkət edin, çay için.
9. Gülümsəyin, gülümsəmək stressi azaldır, xoşbəxtlik duyğusu yaradır.
10. Pozitiv insanlarla əlaqə qurun.
11. Musiqi dinləmək əsəbləri sakitləşdirir, gərginliyi azaldır.
12. İdman etmək, trenajor zallarından istifadə etmək əsəblərin sakitləşməsinə böyük kömək edir.
13. Qadınlara evdə təmizlik işləri aparmaq, yır-yığış etməyin özü də stressdən çıxmağa yaxından dəstək olur.
14. Stressə səbəb olan yerdən uzaqlaşın.
Əsəbləşdiyinizi, əllərinizin titrəməyə başladığını, qızardığınızı görən kimi həmin mühitdən uzaqlaşın.
15. İsti vanna qəbul etmək də stressi azaldır.
İsti su qan dövranını yaxşılaşdırır. Özünə əminlik yaradır.
16. Piyada gəzmək stressi azaldır.
17. Soyulmuş portağalı və yaxud qabığını qoxulamaq stressin təsirini aşağı salır.
18. Manqo yeyin. Onun tərkibində linalool adlı üzvi birləşmə var.
Həmin birləşmə əsəbləri sakitləşdirir və rahatladıcı təsir verir.
19. Çoxlu banan yeyin. Tərkibində serotonin (xoşbəxtlk gətirən, insanı gümrahlaşdıran) hormonları var.
19. C vitamini ilə zəngin meyvələr stressin qarşısını alır (kivi,portağal və s).
20. İnanc sisteminiz sizi stressdən çıxara bilər.
Təmkinli olun, işlərinizi  görün, sonra isə Allaha təvəkkül edin. Səbirli olun vaxtından əvvəl bahar gəlməz. Bu dünyada hər şey gəlib keçicidir.

Stressi dəf etmək üçün bir metod
Əziz abituriyentlər, qəbul imtahanı yaxınlaşdıqca bir çoxunuzda həyəcan, stress yaranır. Həyəcanın olması normaldır. Sizin işə məsuliyyətlə yaxınlaşmağınızı göstərir. Bəzi abituriyentlərdə isə həyəcan normadan artıq olur. Ürəyi şiddətlə döyünür, əlləri əsir və s. Bunu dəf etmək üçün belə bir metoddan istifadə edə bilərsiniz.
Hər gün axşam yatmazdan əvvəl xəyal edin ki, imtahandasınız. Sinfə daxil olursunuz, sakitcə, özünüzdən əmin şəkildə gedib yerinizdə əyləşirsiniz. Sonra kitabçanı açırsınız. Tələsmədən sualları oxuyursunuz. Hər sualı tək-tək həll edirsiniz. Sualları işləyərkən çox rahatsınız. Nəhayət, imtahanı bitirirsiniz ,cavab kağızını təhvil verib, imtahandan çıxırsınız.
Bunu imtahana qədər hər gün etsəniz, imtahan həyəcanınız, demək olar ki, yox olacaq.
Qəbul imtahanı olan otağa daxil olduqda özünüzü təcrübəli adam kimi hiss edəcəksiniz.

Rafiq Məmmədov,
Təhsil eksperti

DİGƏR XƏBƏRLƏR

Top