“Ermənistan sülh müqaviləsinin müzakirəsinə mane olur” – Rusiya XİN


“Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilib.
“Əgər erməni tərəfdaşlar həqiqətən də üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli icrasına uyğun olaraq müəyyən edilmiş problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi ilə bağlı Rusiyanın təklifi qüvvədə qalır”, - Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırılıb, iki ölkə liderləri buna razılaşıblar:
“Onun keçirilməsi üçün hər şey hazırlanmışdı, lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi idi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane olub”.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, İrəvan Rusiyanın təklifləri çərçivəsində “Qarabağ münaqişəsi”nin həlli ilə bağlı sənəd imzalamağa hazırdır. Bu bəyanatı şərh edən Zaxarova qeyd edib ki, eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir:
“Qeyd olunan mətbuat konfransı zamanı Ermənistanın Baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda, Qərbin təşviq etdiyi münaqişənin hansısa “hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb”.

DİGƏR XƏBƏRLƏR

Top