Pedaqoji Universitetin mühafizəsinə Texniki Universitetdən daha çox pul ayrılır


Azərbaycan Texniki Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi “Kapital Security” QSC (VÖEN – 1502510461) olub.
Müsabiqənin şərtinə görə “Kapital Security” QSC Texniki Universiteti 2023-cü il ərzində 28 nəfərlə mühafizə edəcək. Mühafizəçilərdən 1-i xidmət, 3-ü isə növbə rəisi olacaq. Bunlardan başqa mühafizəçilərin 14-ü oğlan, 2-si qadın olacaq. Daha 8 nəfər isə korpus nəzarətçisidir.
Göstərilən xidmətin qarşılığında “Kapital Security” QSC Texniki Universitetdən 155 min 7 manat 72 qəpik alacaq. 28 nəfər mühafizəçi üçün 155 min manat ayrıldığı üçün bir nəfərə ay ərzində orta hesabla 461 manat ödəniləcək.
Qeyd edək ki, “Kapital Security” QSC 17.02.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan QSC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.
Onu da qeyd edək ki, dekabr ayının sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçirdiyi analoji tenderin qalibi “Gesco” ASC (VÖEN – 1300664041) olub. Müsabiqənin şərtinə görə “Gesco” ASC Pedaqoji Universiteti 2023-cü il ərzində 40 nəfərlə mühafizə edəcək. Mühafizəçilərdən 1-i xidmət rəisi olacaq, 17-si gündüz növbəsində, 18-i gecə növbəsində, 4-ü isə yataqxanada xidmət göstərəcək. Göstərilən xidmətin qarşılığında “Gesco” ASC Pedaqoji Universitetdən 354 min 623 manat 4 qəpik alacaq. 40 nəfər mühafizəçi üçün 355 min manat ayrıldığı üçün bir nəfərə ay ərzində orta hesabla 740 manat ödəniləcək.
Rəqəmlərdən də göründüyü kimi, Texniki Universitetin mühafizəçilərinə orta hesabla ayda 461 manat, Pedaqoji Universitetinin mühafizəçilərinə isə orta hesabla ayda 740 manat ayrılacaq.
Məlumat üçün onu da bildirək ki, “Kapital Security” QSC-nin qeydiyyatda olduğu hüquqi ünvanda - “Bakı şəhəri, Nərimanov r-nu, Abbasqulu Ağa Bakıxanov, ev 758/759-cu məhəllə, mərtəbə 3”də “Qaya Safety Solutıons” MMC (VÖEN – 1505656061) adlı şirkət də dövlət qeydiyyatına alınıb. Bu şirkət bir ilə əvvəl – 20.10.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb və işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə xidmətlərini göstərir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top