"Belə bir məqamda Ərdoğanın atəşkəs təklifi ilə çıxış etməsi heç yerinə düşmür"


“Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında politoloq Şahin Cəfərli yazıb və prosesi şərh edib.
“Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır. ABŞ Ukrayna ordusuna "M2 Bradley", Almaniya "Marder" PDM-ləri, Fransa isə "təkərli tank" adlandırılan "AMX-10 RC" zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər.
Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya "Patriot" raket kompleksi göndərəcək. Bu barədə prezident Bayden və federal kansler Şolz arasındakı telefon danışığında razılıq əldə olunub.
Hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır. Müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağını deyə bilmərəm, amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir”, - Ş. Cəfərli bildirib.
Politoloq qeyd edib ki, belə bir məqamda Türkiyə prezidentinin atəşkəs təklifi ilə çıxış etməsi heç yerinə düşmür:
“Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır və onun maraqlarına uyğundur. İstənilən atəşkəs təklifi Putin rejimini xilas etmək cəhdindən başqa bir şey deyil. Ukrayna yalnız Rusiya qoşunlarının bütün ölkə ərazisini tərk etməsi şərti ilə atəşkəsə gedə bilər”.
Qeyd edək ki, ötən gün – yanvarın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya liderləri ilə telefonda danışmış və tərəfləri atəşkəsə dəvət etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top