Partlayış baş verən mərtəbədəki bütün mənzillər dağılıb - Yenilənib

“Partlayış haqqında məlumat bu gün Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə, eyni zamanda Dövlət Yanğından Mühafizə Xidmətinin 101 mərkəzinə saat 15:53-də daxil olub”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə ərazi üzrə Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın bölmələri, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub: “Partlayış nəticəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən bütün mənzillər dağılıb, bir nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Partlayışın baş vermə səbəbləri ilə bağlı həm FHN-in, həm də hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır. Aşağı mərtəbədə bir mənzilin qapısı, eləcə də liftlərin qapıları tamamilə sıradan çıxıb, təxliyə yollarında pilləkən qəfəslərində çatlar əmələ gəlib”.

Əkbər Novruzov qeyd edib ki, partlayışın hansı mənzildə baş verdiyini demək hazırda çətindir: “Çünki bütün mənzillər dağılıb. İstintaqdan sonra partlayışın dəqiq harda baş verdiyi məlum olacaq. Bizdə olan məlumata görə, zərbə dalğası bir nəfəri aşağı atıb. Böyük ehtimalla həmin şəxs partlayış baş verən mənzildə olub. Həmin mənzilin hansı olduğu isə istintaq yolu ilə müəyyənləşdiriləcək. Həm bizim əməkdaşlarımız, həm də digər əlaqədar şəxslər binada çalışır. Yanğınsöndürənlərimiz dağıntıları təmizləməklə məşğuldur”.


***17:40
Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.

DİN Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub.

Qeyd edilib ki, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

***16:27
Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top