“Hamı evində bayramı və Vasif Talıbovun gedişini qeyd edərkən, biz yolkaya növbətçi duracağıq”


Dekabrın 27-də Naxçıvan şəhərində yerli Mədəniyyət Nazirliyi və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə konsert keçirilib. Heydər Əliyev Sarayında baş tutan konsertə kifayət qədər bilet satılmadığı üçün zal boş qalıb. Belə olan halda, büdcə təşkilatı rəhbərlərinə tapşırıq verilib ki, təcili zalı doldursunlar. Onlar da əməkdaşlarına zəng edərək konsertə gəlmələrini tələb ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a konsertə məcburi çağırılan əməkdaşlar məlumat verib.
Mədəniyyət sahəsində çalışan Naxçıvan şəhər sakini B. Məmmədova deyib ki, konsertə çağrılmamışdan öncə internetdə prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəflinin çıxışına baxırmış:
“Fuad müəllim deyirdi ki, Naxçıvanda məmur özbaşınalığına son qoyulur, kiminsə kefinə görə təyin etdiyi qanun və qərarlar ləğ olunur. Buna çox sevindim ki, artıq bizi kimsə əsassız yerə incitməyəcək, heç nəyə məcbur etməyəcək. Bu sevincim cəmi bir saat çəkdi. Çıxışdan bir saat sonra müdir zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlib, yerləri doldurmaq lazımdı. Etiraz etmək istədim, dedi ki, onluq deyil və bu göstəriş Ali Məclisdən gəlib. Konsertə getməyəcəyim təqdirdə işdən çıxarılacağımla hədələdi. Məcbur qalıb getdim. Mən iki körpə uşaq anasıyam. İşdən gəlib onlarla vaxt keçirmək istəyirəm. İstəmədiyim konsertə niyə məcburi aparılmalıyam? Hansı qanunda yazılıb ki, iş saatından sonra işçini harasa aparmağa məcbur etmək olar?”.
Naxçıvan şəhər məktəblərinin birində işləyən, təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən müəllimlərdən biri deyib ki, onları da məcburi konsertə çağırıblar:
“İşdən evə yenicə çatmışdım. Direktor zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlməlisiniz. Həmin gün vacib işlərim olsa da, məcbur qalıb getdim. Təxminən 20-25 idarədən 400 nəfərə yaxın adam toplaşmışdı. Bizi iş vaxtından sonra məcburi istismar edirlər. Birinci konsert dekabrın 23-də olmuşdu. Kifayət qədər bilet satıldığından güman edirdilər ki, bu dəfə də zal dolacaq. Bunu əksini gördükdə biabır olmasınlar deyə zalı büdcə təşkilatlarının hesabına doldurdular. Sağ olsunlar ki, biletlərin pulunu bizə ödətmədilər”.

Bir sıra mədəniyyət işçilərinin öz şikayətlərində mədəniyyət nazirliyinin adının hallandırması bu qurumun rəhbərliyini qəzəbləndirib.
Bu barədə “Gündəlik Naxçıvan”a nazirliyin bəzi əməkdaşları məlumat verib.
Onların sözlərinə görə, nazir Natəvan Qədimova cəza olaraq əməkdaşların bayram günləri də işə çıxmaları haqda göstəriş verib. Onlar 31 dekabr və 1 yanvarda  səhərdən axşama kimi mərkəzi meydandakı bayram şənliyində yolka ətrafında növbə çəkməlidir.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən əməkdaşlardan birinin verdiyi məlumata görə, bununla bağlı nazirliyin aparat rəhbəri Piri Nağıyev təcili iclas da keçirib:
“Biz elə bilirdik ki, Vasif Talıbovun gedişi ilə bütün problemləriniz həll olunacaq. Görünən odur ki, hər şey əksinədir. Sözügedən paylaşımı dərhal nazirə göstəriblər. O da əsəbləşib deyib ki, “bunlar boşluq görüb, “qudurublar”, deyəsən, əvvəl həftənin 7 günü işləyirdilər səsləri çıxmırdı, indi vəziyyətdən istifadə edirlər, dilləri açılıb”. O, acığını nazirliyin kollektivindən çıxmaq qərarına gəlib. Mətbuatdakı paylaşıma görə, aparat rəhbəri Piri Nağıyev təcili iclas keçirdi. Dedi ki, bayram günləri evdə qaldı yoxdur, hərdəmxəyal olmayın. 31 dekabr və 1 yanvar bayram günlərində işdə olacaqsınız. Qadınlar saat 10:00-dan 15:00-a, kişilər isə 9:00-dan 22:00-a kimi mərkəzi meydanda yolkanın yanında olmalıdır. Dedi ki, etiraz edənlər ərizələrini yazıb işdən çıxa bilər. Hər kəs evində ailəsi ilə birlikdə Yeni il bayramını və Vasif Talıbovun gedişini qeyd edərkən, biz yolkaya növbətçi duracağıq”.
Nazirlik əməkdaşları deyib ki, “Gündəlik Naxçıvan”ın nazirliklə bağlı “Facebook”dakı tənqidi paylaşımının altında dəstək şərhi yazan işçilərə də təzyiq olunub:
“Konsertə məcburi aparılmağımızla bağlı tənqidi yazının altından bir neçə mədəniyyət işçisi şərh yazaraq, bunu təsdiqləmiş, nazirliyin digər özbaşınalıqlarından söz açmışdılar. Onların hamısın çağırıb, şərhlərini silməyə məcbur ediblər. Deyiblər ki, şərhini silməyənlər işdən qovulacaqlar. Şantajdan qorxmayanları isə başqa təhdidlərlə məcbur etdilər. Bir qrup əməkdaş nazirlikdəki korrupsiya, rüşvət və digər özbaşınalıqlara bağlı DTX-yə müraciət etməyə hazırlaşır”.
Naxçıvan MR Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən əməkdaşların iddialarını təkzib ediblər:
“Diqqətinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi tərəfindən belə bir tələb qoyulmayıb. Yanlış məlumatdır. Ancaq xahiş edirik, bu informasiyaların kim tərəfindən deyildiyi bizə deyilsin, ən azından əlaqələndirilir. Bu cür anonim xəbərlər həqiqət deyil”.

DİGƏR XƏBƏRLƏR

Top