Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Vahid Hacıyev mərhum jurnalist Osman Mirzəyev və akademik Vahid Hacıyevin nəvəsi, həmçinin tanınmış jurnalist Lalə Hacıyeva və tanınmış göz həkimi, tibb elmləri doktoru, professor Rasim Hacıyevin oğludur. V. Hacıyev eyni zamanda ABŞ-da fəaliyyət göstərən məşhur azərbaycanlı jurnalist Sevinc Osmanqızının bacısı oğludur.
Onun ana babası Osman Mirzəyev AzTV-nin məşhur “Dalğa” ictimai-siyasi televiziya verilişinin yaradıcısı və aparıcılarından olub. 1990-91-cı illərdə Azərbaycan Prezidentinin (Ayaz Mütəllibov) Mətbuat xidmətinin rəhbəri olub.
Fotoda Osman Mirzəyev
Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilərin yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotu vurması nəticəsində həlak olub.
Fotoda akademik Vahid Hacıyev
Vahid Hacıyevin adını daşıdığı ata babası Vahid Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, biologiya elmləri doktoru, professor olub. Vahid Hacıyev 1983-cü ildə Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Akademik Vahid Hacıyev 7 aprel 2008-ci ildə vəfat edib.
Fotoda Rasim Hacıyev
Vahid Hacıyevin atası Rasim Hacıyev tanınmış göz həkimi, tibb elmləri doktoru, professordur. Rasim Hacıyev hazırda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Patologiya refraksiya və oftalmoerqonomika" şöbəsinin müdiridir.
Fotoda Lalə Hacıyeva
Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) isə hazırda Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimidir.
Qeyd edək ki, Vahid Hacıyev 1999-2003-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. 2003-2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakultəsində magist təhsili alıb. 2017-2019-cu illərdə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təhsil alıb.
2004-2007-ci illərdə “Deloitte & Touche” şirkətində işləyib.
Vahid Hacıyev 13 il - 2007-2020-ci illərdə “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. 2020-ci ilin fevral ayından etibarən “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri təyin olunub. Nizamnamə kapitalı 11,8 milyon manat olan “Agro Dairy” - Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Suvarma, əkin, tədarük və məhsul emalı ilə ölkənin Samux, Tovuz və Şəmkir kimi ərazilərində fəaliyyət göstərir. “Agro Dairy” MMC Azərbaycanın ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Bakı şəhəri, Neftçilər prospekti 153-də yerləşir.
O, bu il may ayının 4-də Prezident İlham Əliyevin sərəncam ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.