Övlad yetişdirmək...


Övlad yetişdirmək çətin, çətin olduğu qədər də şərəfli işdir. Hər birimiz çalışırıq ki, övladlarımızı xarakterli, düzgün, əxlaqlı insan edək. Bunun üçün onlara vaxt ayırmaq lazımdır. Adi əkdiyimiz ağaclara, bitkilərə, dibçəklərə belə qulluq etməsək, məhv olur, solur gedir. Uşaq da elədir, maddiyyatı ilə bərabər ona mənəvi dəyərləri də aşılamalıyıq. Davranışlarımızla onlara travma verməməliyik.
Hər doğulan uşaq saf, təmiz, məsum olur. Onlara şəkil verən, yönləndirən alim və yaxud cahil edən bizik. Valideyn olan və olmağa hazırlaşan insanlar “Uşaqla, həyat yoldaşı ilə necə davranmalıyıq” mövzusunda kitablar oxumalı, internet üzərindən araşdırmalar aparmalıdır. Bunu etsək, uşaqların dünyasına, ailənin idarə edilməsinə dair müəyyən fikirlərimiz formalaşar. Bu gün cəmiyyətimizdə hər addımbaşı travma almış uşaqlara rast gəlmək olur.
Gəlin bir neçə əyani sual-cavaba nəzər yetirək... 3-6 yaş arasında olan uşaqlara verilmiş bəzi suallar və cavabları belədir:
Sual 1
Ana sənə nə edəndə xoşun gəlir? Bəs ana sənə nə edəndə xoşun gəlmir, pis olursan ?
A şəxsin cavabı: Anam məni qucaqlayıb öpəndə xoşuma gəlir. İstəyirəm ki, həmişə mənimlə oynasın.
B şəxsin cavabı: Anam məni döyəndə, pis sözlər deyəndə ağlamağım gəlir, oturub ağlayıram.
C şəxsin cavabı: Anam mənə ev tapşırıqlarımı etdirəndə çox qışqırır, onda mənim anamdan da, dərsdən də zəhləm gedir.
D şəxsin cavabı: Anam mənə “Sənə qurban olum” deyəndə xoşum gəlir. Hirslənəndə ondan qorxuram.
E şəxsin cavabı: Mənə nə qədər qışqırsa da, bircə dəfə “ağıllı balam”, “şirin balam” deyən kimi yumşalıram. Kaş ki həmişə elə eləsə anam.
Sual 2
Ata nə edəndə xoşun gəlir? Bəs nələri edəndə xoşun gəlmir?
A şəxsin cavabı: Atamdan xoşum gəlmir, çünki anamı döyür.
B şəxsin cavabı: Atam hər gün işdən gələndə məni göyə atıb-tutur, mənimlə döyüş-döyüş oynayır, xoşuma gəlir.
C şəxsin cavabı: Atam mənim gündəliyimə baxanda, bir də məni tərifləyəndə sevinirəm. Ancaq bəzən mən qucağında oturmaq istəyirəm, mənə deyəndə ki, sən düş qardaşın otursun qucağımda, mən pis oluram.
D şəxsin cavabı: Atamdan tək istədiyim bizi qoyub Rusiyaya getməsin.
E şəxsin cavabı: Atam istədiyimi alanda xoşum gəlir. Pulum yoxdu deyəndə xoşum gəlmir.
Sual 3
Kiminlə vaxt keçirməyi xoşlayırsan?
A şəxsin cavabı: Atamla vaxt keçirəndə dünyanın ən xoşbəxti mən oluram. Mən onun “prensesiyəm”.
B şəxsin cavabı: Heç kimlə vaxt keçirmək istəmirəm. Hamı məni üzür, təkcə müəllimə mənə yaxşı davranır.
C şəxsin cavabı: Anamla. Mən onunla çoxlu danışmaq istəyirəm, ancaq o həmişə məşğuldu.
D şəxsin cavabı: Ailəmlə. Biz bacımla axşama qədər atamı, anamı gözləyirik, onlar da yorğun gəlirlər, sonra da telefonda olurlar eləcə biz də söz deyəndə bizə hirslənirlər.
E şəxsin cavabı: Ailəmizlə birlikdə gəzməyə gedəndə çox xoşum gəlir. Ancaq anamla atam maşında da, parkda da çox dalaşırlar, onda mən pis oluram.
Bu uşaqların cavablarıdır. Onlar adəti üzrə suallara tam səmimi cavab verdilər. Bəzi xatirələrini heç vaxt unutmayacaqlar. Gəlin onların o ağ kağız kimi zehinlərinə acı qeydlər yazmayaq. Onların o məsum könüllərini incitmək heç insaflı hərəkət də deyil axı…

Rafiq Məmmədov, Təhsil eksperti

DİGƏR XƏBƏRLƏR

Top