Rus oliqarx müəmmalı şəkildə öldü - Ukraynaya hücumu tənqid etmişdi


Rusiyanın Ukraynaya hücumundan sonra müəmmalı şəkildə həyatını itirən rus oliqarxların sayı artır.
Yeniavaz.com
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin təsis etdiyi “Vahid Rusiya”nın keçmiş deputatlarından olan P. Antov tətilə getdiyi Hindistanda dünyasını dəyişib.
Son vaxtlar Putini tənqidləri ilə gündəmə gələn P. Antov, həmçinin nəhəng kolbasa şirkətinin sahibidir. Onun Hindistanda qaldığı dəbdəbəli otelin pəncərəsindən yıxılaraq dünyasını dəyişdiyi bildirilir.
Qeyd olunur ki, Antov Hindistana dostları ilə birgə 66 yaşını qeyd etmək üçün gedib. Rayaqada bölgəsində lüks oteldə qalan Antov 3-cü mərtəbədəki pəncərədən yıxılaraq ölüb.
Vladimir vilayətində yerli deputat kimi fəaliyyətini davam etdirən və ölkənin ən zəngin siyasətçiləri sırasında olan Antov ağır xəsarətlərlə otelin hovuzunda tapılıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.
Rusiya mətbuatı hadisənin intihar ola biləcəyini yazsa da, Hindistanda istirahətə getdiyi Antovun dostlarından birinin ötən həftə infarkt nəticəsində ölməsi suallar yaradıb.
Antov Putini Ukraynanı işğal etdiyinə görə tənqid edənlərdən biri olub. İş adamı Rusiyanın Ukraynaya raket hücumu nəticəsində həlak olan mülki şəxslərin görüntüləri ilə bağlı “Terrordan başqa ad tapmaq çox çətindir” sözləri ilə diqqət çəkmişdi. Təzyiqlərdən sonra isə o, geri çəkilərək hər zaman Putini dəstəklədiyini söyləyərək üzr istəmişdi.
“Forbes”in məlumatına görə, evli və bir uşaq atası olan Antovun illik gəliri 157 milyon dollar olub.
Qeyd edək ki, son aylarda Rusiya iş dünyasının bir çox tanınmış siması dəqiq müəyyən edilə bilməyən səbəblərdən həyatını itirib. Sentyabrda Rusiyanın enerji nəhəngi “Lukoyl”un baş meneceri Ravil Maqanov da xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.
Müəmmalı ölümlərlə bağlı sirr pərdəsini açmaq mümkün olmasa da, bəziləri Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara görə Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top