“Rusiya bizi Azərbaycana dəhliz verməyə məcbur edir” - Armen Qriqoryan


“Sentyabr hadisələri, eləcə də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsinə sığır”.
Yeniavaz.com
“Azadlıq Radiosu”nun Ermənistan xidmətinə istinadən xəbər verir ki, bu barədə ötən gün ölkənin İctimai Televiziyasının efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Nəşrin yazdığına görə, Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə bildirir ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə məcbur edir.
Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur:
“Bu, geniş kontekstdir, belə demək mümkünsə, Ermənistan ərazisindən keçən qondarma dəhliz məntiqində hansısa yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstidir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsinin eskalasiyası da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”.
Aparıcının “bütün bunlar dəhliz naminə edilirmi” sualına Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib:
“O cümlədən. Başqa sözlə, Ermənistan ərazisindən ekstraterritorial dəhliz üçün. Laçında bu təzyiqlər, bu hadisələr? Təbii ki, bütün təzyiqlər buna görədir”.
Ermənistan Təhlükəsizlik Şurasının katibi də ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib. Qriqoryan bəyan edib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Təhlükəsizlik Şurasının katibi Konstitusiyaya görə Ermənistanın suveren dövlət olduğunu və belə qalacağını, suverenliyin qorunmasının hazırkı Ermənistan hökumətinin missiyası olduğunu vurğulayıb.
“İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər buradan da gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt buna müqavimət göstərsə, ona hərbi güc formasında başqa cür təzyiqlər də edilir”, - Armen Qriqoryan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top