"Ronaldo Fələstini dəstəkləyir" - Həqiqət yoxsa uydurma məlumatlar?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən qatıldığı tədbirdə məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo haqqında dedikləri ilə bağlı məlumat vermişdik. O, sözügedən tədbirdə Ronaldonun siyasi sanksiyaya məruz qaldığını və karyerasının bitirildiyini iddia etmişdi. Ərdoğan, həmçinin Ronaldonun Fələstini dəstəklədiyini demişdi.
Bəs Ronaldo doğrudanmı Ərdoğanın dediyi kimi Fələstin məsələsində bu ölkəni dəstəkləyir? İctimaiyyətdə belə bir fikir olsa da, Ronaldo karyerası boyunca Fələstin-İsrail münasibətləri ilə bağlı açıq şəkildə bəyanat verməyib.
Yeniavaz.com “Sözcü”nün məsələ ilə bağlı araşdırmasını təqdim edir.
Ronaldonun 2019-cu ildə “Qızıl buts” mükafatını qazandıqdan sonra onu hərraca çıxarması və Fələstin xalqına 1,5 milyon avro bağışlaması ilə bağlı iddialar keçmişdə məşhur futbolçunun meneceri tərəfindən təkzib edilib.
İdmançının menecerliyini üzərinə götürən “Gestifute Media” rəsmisi 2019-cu ildə ABŞ-ın AP xəbər agentliyinə bu barədə belə açıqlama verib:
“Ronaldo tez-tez belə saxta xəbərlərlə gündəmə gəlir. Amma onun Fələstinə ianə verdiyi iddiası həqiqəti əks etdirmir”.
Digər tərəfdən, daha sonra Ronaldonun sosial mediada üzərində "Fələstinin yanındayam" yazılmış pankartla çəkilmiş fotosunun real olmadığı məlum olub. Həmin fotoşəkilin orijinalında Ronaldonun 2011-ci ildə İspaniyada baş vermiş zəlzələ qurbanlarına dəstək olaraq "Mən Lorkanın yanındayam" yazdığı müəyyən edilib.

Ronaldonun sosial şəbəkədə paylaşdığı fotoda onun əslində Fələstin xalqına deyil, İspaniyada zəlzələdən zərərçəkənlərə müraciət etdiyi üzə çıxıb.
Ronaldonun üzərində Fələstin bayrağı olan şərf geyinməsinin isə birbaşa Fələstin hökuməti ilə əlaqəsi yoxdur. Belə ki, həmin kadrda “Mançester Yunayted”in ulduzu Fələstin Futbol Assosiasiyasının rəsmiləri ilə poza verir. Qeyd olunub ki, bu şəkil 2013-cü ildə FİFA-nın mənzil-qərargahında çəkilib.
Bütün bunlardan əlavə Ronaldo keçmişdə İsrail rəsmiləri ilə görüşüb. Prezident Ərdoğanla Davos sammitində yaşanan “Bir dəqiqə” böhranının əsas aktyorlarından olan İsrail prezidenti Şimon Pereslə Real Madriddə oynayarkən poza verən Ronaldo daha sonra İsrailin keçmiş xarici işlər nazirlərindən İsrail Katsa formasını hədiyyə edib.

DİGƏR XƏBƏRLƏR

Top