Elçin Əliyev: “Memarlıqla bağlı 99 faiz dövlət sifarişləri məmurların şəxsi şirkətlərinə gedir” – Müsahibə


Azərbaycan Memarlar İttifaqının (1989-cu ildən), Azərbaycan Dizaynerlər İttifaqının (1998-ci ildən), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin (1994-cu ildən), Azərbaycan Yazıçılar Birliyinin (2018-ci ildən) üzvü olan, 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən, memarlıq üzrə elmlər doktoru (2014) Elçin Tofiq oğlu Əliyevin Yeniavaz.com-a müsahibəsini təqdim edirik.

- Elçin bəy, bir memar kimi əhvalınız necədir? Özünüzü necə hiss edirsiniz?
- Memarlıq sahəsində baş verənlərə görə ürəyim ağrıyır. Məsələn, sizin ofisinizin daxil olduğu binalar kompleksi mənim dostum, istedadlı memar Nəriman İmaməliyevin layihəsidir, amma mən bura gələndə gördüm ki, sol tərəfdə də bir dənə eyni xarici görünüşlü kompleks tikilib. Bu isə onun layihələndirilmiş kompleksi deyil. Dünyada belə bir hadisə olmayıb ki, hansısa bir memar digərinin işini bilə-bilə təkrarlasın və Memarlar İttifaqı, hökumət orqanları, memarlığa cavabdeh olan qurumlar həmin memarı cəzalandırmasınlar. Bu biabırçılıqdır. Belə hadisə nəyə görə mənim doğma şəhərimdə və ölkəmdə baş verir? Memarlar İttifaqı nəyə görə susur, axı onlar memarların hüquqlarını müdafiə etməlidirlər. Ona görə bu nəzər nöqtəsindən əhvalım yaxşı deyil.


- Azərbaycanda memarları narahat edən problemlər hansılardır?
- 10 ildir ki Azərbaycan Memarlar İttifaqında (AMİ – Ə.A) bir sədr var. O sədr memarlar üçün nə edib? Memarların rahatlığı üçün nə işlər görülüb? Memarlara cəmiyyətdə hörmət qalxıbmı? Baxın: sifarişçilərin daimi özbildiyindən əziyyət çəkən memarlar - bu belə də davam edir; memarların əməkhaqqı sistemi tənzimlənmədiyindən heç nə dəyişməyib; ölkədə memarlıq bazarı hələ də yaranmayıb; ölkənin memarlarını narahat edən real problemlər müzakirə edilmir; ölkədə layihələrin ictimai müzakirəsi heç aparılmır və s.… Məsələn, korrupsiyanın nəticəsidir ki, bizdə memarlıq müsabiqələri keçirilmir. Bu, əslində layihə sifarişçisinin mədəniyyətidir. Məsələn, sifarişçi hansısa memarı dəvət edir və deyir ki, sən mənim tanışımsan, mənim üçün böyük yaşayış binasının layihəsini hazırla və memar da hazırlayır. Amma sifarişçi başa düşməlidir ki, onun üçün daha yaxşı olar ki, həmin layihəyə bir neçə alternativ olsun. Memarlıqda tanışlıq yaxşı nəticə vermir. Nə olardı ki, bir neçə milyonluq bina tikiləndə sifarişçi tərəfindən müsabiqə keçirilsin, elan verilsin, əlli memar arasında sırf ideya baxımından müsabiqə keçirilsin və onun qalibinə 10 min manat verilsin. Nə olar ki?! 5-6 milyonluq bina tikənə 10-15 min nədir ki?! Amma vermirlər, bu mədəniyyətsizlikdir. Deyirlər ki, memarı sifarişçi memar edir.
Dəfələrlə görmüşəm ki, cənab prezident hansısa məscidin, Qarabağ zonasında ictimai binanın layihəsini təsdiqləyir, təməlini qoyur. Mən bir memar kimi sual verirəm: Bəs, görəsən, bu layihənin memarı kimdir? Nəyə görə bunu ictimaiyyət bilmir? Bizim müstəqillik tariximizdə yeganə dövrdür ki, həqiqətən, müsabiqələr keçirilmir. Hətta, Lenin, Stalinin vaxtında da, 1920-30-cu illərdə belə memarlıq müsabiqələri keçirilirdi. Məsələn 30-cu illərdə Azərbaycan prospektində “Azərnəşr”in binası var idi. 20-ci illərin sonunda memarlıq müsabiqəsi elan edildi. Sverdlovsk şəhərindən (indiki Yekaterinburq şəhəri – Ə.A) Semyon Samoyloviç Pen Azərbaycana poçtla öz layihəsini göndərdi və qalib gəldi, onun layihəsi ilə bina tikildi. Müasir Azərbaycanda bunu təsəvvür edə bilərsiniz? Gülməli gəlir. Heç bir dövlət orqanı bina tikdirmək istəyəndə, müsabiqə keçirmir. Utanmırlar da. Məmurlar, memarlığa cavabdeh olan bütün dövlət layihə institutlarının direktorları, Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, Memarlar İttifaqının sədrinin şəxsi şirkətləri var, bu biabırçılıqdır. 99 faiz dövlət sifarişləri bu şəxsi şirkətlərə gedir. Mən onlara demək istəyirəm ki, utanmırsınız? Məncə, belə insanlara qarşı ictimai qınaq kampaniyası aparmalıyıq. Bir dənə də olsun müstəqil memarlıq şirkəti qalmayıb.


- AMİ-nin sədri sizin tənqidi fikirlərinizlə bağlı açıqlamasında “Mən Elçin Əliyev adlı memar tanımıram” deyib. Sizin buna münasibətiniz necədir?
- Memarlar İttifaqına son yarım əsrdə rəhbərlik etmiş sədrlər - dahi Mikayıl Hüseynov, Nazim Hacıbəyov, İlham İsmayıl oğlu Əliyev, Hafiz Əmirxanov, Abbas Ələsgərov - təşkilatın maddi sərvət baxımından özləri və yaxınları üçün bir mənbəyə çevrilməsinə imkan verməyiblər, başqa dövlət strukturları qarşısında öz maraqları üçün lobbiçilik etməyiblər. Bu gün sədrin oğlu ilə birgə yaratdığı özəl şirkət, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən tenderlərdə “udaraq”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyindən, digər dövlət qurumlarından sifarişlər alır – ona görə də, yeri gəlmişkən, Memarlar İttifaqı cəmiyyətdə vətəndaşları narahat edən məsələlər müzakirə edilərkən, tarixi binalar sökülərkən və ya bu layihələrə yenidən müdaxilə edilərkən “səssiz”dir. Ayıb olsun.
Əgər məmur övladlarını rəhbərlik etdiyi quruma təyin edirsə, xüsusi rəğbəti olan qadınları yanında vəzifəyə təyin edirsə, xərclərinə görə heç kimin qarşısında cavabdeh deyilsə, qurumun büdcə pullarını öz şəxsi şirkətlərinə köçürürsə, şəxsi sədaqət prinsipinə görə təşkilat üzvlərini bölürsə, intriqalar, süni şəkildə qurma dava-dalaş və çaşqınlıq salınırsa, təşkilatda olan bütün seçkilərin nəticələri saxtalaşdırılırsa, dövlət mükafatları öz qohumlarına, yaxın adamlarına paylanılırsa, belə insana necə hörmət etmək olar? Ayıb olsun.
Bilirsiniz, uzun müddət Qasımzadənin (Elbay Qasımzadə, AMİ-nin sədri – Ə.A) müavini işləmişəm. Amma üç ildən çox dözmədim, ərizə yazdım ki, korrupsiyaya görə çıxıram. Ona görə ki, işləmək mümkün deyildi. Hər 2 həftədən bir biz memarları toplayırdıq, görüşlər keçirirdik. Mənə şəxsən dedi ki, Elçin sən niyə memarları tez-tez bura yığırsan? Dedi ki, memar İttifaqa gələndə ürəyi möhkəm döyünməlidir, ildə bir-iki dəfə gəlməlidir. Bu, köhnə sovet nəzər nöqtəsidir. Ümumiyyətlə, dünyada memarlıq ittifaqı anlayışı yoxdur, bu ancaq postsovet, totalitar anlayışıdır. Bütün aparıcı memarlar AMİ-ni tərk edib. AMİ-nin tarixində heç vaxt olmayıb ki, sədr öz oğlu ilə şirkət açsın və memar jurnalı çap etsinlər. İttifaq dövlət büdcəsindən hər 2 ayda 1 dəfə həmin jurnal üçün 10 min manat pul alır, onu şəxsi şirkətə köçürürlər. Şirkət isə jurnalı 1700-2000 manat çərçivəsində çap edir və qalan pulu da öz mənfəətinə çevirir. Sonra bu çirkin, korrupsioner insanlar memarların gözünə necə baxırlar?! Biz bilirik seçkiləri də necə saxtalaşdırırlar. Ona görə də normal insanlar, memarlar İttifaqından üzlərini çeviriblər. Bir müddət bundan əvvəl bizim ən hörmətli və aparıcı memarımız Nəriman İmaməliyev ərizə yazıb təşkilatı tərk etdi.


- Azərbaycan memarlığı, memarlar və şirkətlər Qarabağdakı yenidənqurma layihələrinə cəlb olunurlarmı?
- Bir neçə ay bundan qabaq böyük Şəhərsalma Forumu keçirilmişdi. Memarlar təəccüblənirlər ki, onların 90 faizi Bakıda işsizdirlər. Bu işləri kim görür? Nəyin nəticəsində filan şirkət o zonada bu layihəni edir? Nəyə görə onu seçiblər? Hardadır o müsabiqələr, o qərarlar? Bizim aparıcı memarlarımız var, 100 ad deyə bilərəm, adlarını sadalamıram, hamısı işsizdirlər və şikayətlənirlər ki, 3-4 şirkət işləri görür.
AMİ-nin sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında İctimai Şuranın sədridir. Cənab prezident İctimai Şuraları ona görə yaradıb ki, müstəqil insanlar ictimai nəzarət etsinlər. Burda isə AMİ-nin sədri həmin komitədən şəxsi şirkətinə 140 minlik sifariş alıb, deyəsən, Astaranın Baş planını işləmək üçün. Bu, necə ictimai nəzarət edə bilər? Biz kimi, ictimaiyəti, hörmətli cənab prezidenti aldadırıq? Ona görə memarların 90 faizi sual verirlər: Bu Qarabağda işləyən şirkətlər hardandır? Nəyin əsasında onlar ora cəlb olunublar? Bundan əlavə orda heç professional memar da yoxdur. Heç biz onları tanımırıq. Orda cəmi bir-iki professional işləyir. Hamısı “tanış-tunuş” şirkətlərdir. Qarabağda, Şuşada, qanla azad olunmuş, minillik tarixi olan memarlıq abidələri qeyri-mütəxəssislər tərəfindən dırnaqarası bərpa olunur. Bu, bizim tariximizə, mədəniyyətimizə, ölkəmizə böyük zərbə vurur. Amma cənab prezident bunları bilmir. Bu proses ictimaiyyətə, cəmiyyətə, qəzetlərə elə yaxşı təqdim olunur ki, reklam olunur ki, camaatın xəbəri olmur, camaat elə bilir ki, hər şey normaldır, şəffafdır.


- Bakı şəhərinin Baş planı: Siz bir memar kimi hansı məsələləri əsas prioritet kimi görürsünüz?
- Baş plan yoxdur. Bu söhbətlər 3 il bundan qabaq başlamışdı ki, Baş plan üzərində iş başlayıb. Nəticəsi hanı? Şəhərsalma Komitəsinin saytında Baş planla, Bakı ilə bağlı konkret nəsə yazılıb? Yox. Yazılmayacaq da. Mən soruşmaq istəyirəm ki, Baş planla bağlı konkret hansı işlər görülür, bu gün hansı mərhələdədir? Kim tərəfindən işlənilir? Mediada yazılmışdı ki, məşhur amerikan şikrətidir, amma onlarla görüşdüm, rus mənşəli insanlardır. İndi Azərbaycan prospektində yaşayıram. Dar küçələrlə - Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Əlövsət Quliyev - avtomobillə evə gedirəm. Görürəm ki, bu küçənin eni 5-6 metrdir və vaxtında faytonlar üçün nəzərdə tutulub. Amma həmin küçələrin sağından, solundan indi də, təzəlikcə, yeni yaşayış binaları tikilir. Deməli, Baş plan üzərində iş getmir. Biz bir tərəfdən reklam kimi oxuyuruq ki, Baş plan üzərində iş gedir, amma yenə görürük ki, şəhərin mərkəzində, dar, 1 faytonluq küçədə yeni göydələn tikilir. Axı bu ola bilməz. Bunun bir cavabı var. Deməli, korrupsiya davam edir. Deməli, kimsə bina tikmək istəyirsə, o, tüpürür Baş plana, ictimai rəyə, bizim prezidentimizin ürək ağrısına və öz bildiyini edir. Onda desinlər ki, elə məmurlar var ki, onlar qanundan yuxarıdır, biz də işimizi bilək, susaq. Biz qanun dövləti qurmasaq, heç vaxt Baş plana riayət etməyəcəklər.


- Tıxacların qarşısını almaq üçün şəhərlərin baş planlarında, o cümlədən Bakının, hansı məqamlara diqqət edilməlidir?
- Tıxacların hamısı elə Baş planın olmamasından irəli gəlir. Baş planının olmaması, qeyri-mütəxəssislər tərəfindən hazırlanması belə problemlərə gətirib çıxarır. Rahatlıq yox, büdcəyə nə qədər zərbə dəyir, avtomobillər boş-boşuna fırlanırlar, nə qədər benzin xərclənir. Mən birinci növbədə bütün yeni tikintiləri dondurardım. Saxlayın, heç nə tikməyin və bütün məsələlərə bir-bir yenidən baxmaq lazımdır. Əsl mütəxəssisləri işə cəlb edərdim, bizdə elə mütəxəssislər var. Bir neçə istiqamətdə bərabər işləyərdim. Məsələn, bizdə ən əsas yol Səməd Vurğun küçəsidir. 1980-ci illərdə qəbul olunmuş Baş planla küçə dümdüz gedirdi və Dərnəgül prospektinə çıxırdı. Bir 10-15 il bundan qabaq o yolun üzərində villalar şəhərciyi saldılar. Deməli, hansısa məmur Baş plana, yaşadığı şəhərinə, sakinlərin rahatlığına tüpürüb və götürüb tikib. Ayrı misal: Dövlət Statistika Komitəsinin qarşısında çox rahat yollar var idi. Sonra keçmiş nəqliyyat naziri orda düz yolun üstündə özünə bir dənə göydələn tikdi. İndi o göydələnin nəticəsidir ki, avtomobillər 2-3 km artıq yol gedirlər. Biz riayət etmiriksə, bəs qanunlar, Baş plan nəyə lazımdır?


- Bölgələrdə memarlıq...
- Bir tərəfdən sevinirəm ki, regionlar inkişaf gedir. Regionlara tez-tez gedirəm, memarlıq abidələrini gəzməyi sevirəm, bütün Azərbaycanı gəzmişəm. Görürsən ki, regionlarda yeni memarlıq abidəsi tikilir, müasir memarlıq gəlir. Bir azərbaycanlı kimi sevinirəm, yeni memarlıq gəlir. Amma digər tərəfdən adamın ürəyi ağrıyır ki, bəs bu memarlığın keyfiyyəti... Kim, necə bunu layihələndirir? Bu layihə həmin regiona uyğundurmu? Məsələn, mənim ən sevdiyim şəhərlərdən biri Gəncə şəhəridir. Gəncə şəhərinin özünəməxsus unikal memarlığı, qırmızı daşı var. Amma durub qırmızı daşlı o regionun memarlığına uyğun olan binanı söküb ağlay doqquz mərtəbə tikirlər. Mən heç danışmıram, bu yaxşı və ya pis layihədir. Axı bura ağlay uyğun deyil. Bir-iki dəfə Hadrut qəsəbəsində də olmuşam. “Azərpoçt” orda poçt məntəqəsi, ikimərtəbəli bina tikib. Ağ ağlay, göy rəngində metal kafel, qara məhəccərlər - bilirsiniz, bu çox bərbad görünür. Hadrut, Qarabağ zonası, onun özünə məxsus memarlığı və prinsipləri var. “Azərpoçt”un binası orda sızanaq kimi görünür. Hiss olunur ki, bu memarlıq ora heç uyğun deyil.
Mən bu gün oxudum ki, Naxçıvanın baş memarı 212 milyon manat oğurlayıb, bu necə ola bilər? Necə oğurlayıb axı? Dəfələrlə olub ki, icra hakimi həbs olunub, baş memar da onunla birlikdə. Görürsünüz ki, bunlar əlbir olurlar. Onların 99 faizi heç memar da deyil. Dəfələrlə olub ki, İttifaq tərəfindən kiməsə Əməkdar memar adı verilib. Amma görürəm ki, bu memar deyil, məsələn rəssamdır. Üz-üzdən utanır, susuruq. Ürəyimdə deyirəm ki, axı sən memar deyilsən, rəssamsan. Regionlarda, ümumiyyətlə, memarlar susurlar, heç nə deyə bilmirlər.
Təəssüf ki, bizim qədim şəhərlərimizin xarici görünüşünü dəyişirlər. Qorunmur. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi bilirsiniz kimdir? Xarici İşlər Nazirliyində Xəzər dənizi üzrə danışıqlar aparan keçmiş mütəxəssisdir. Gəlib Mədəni İrsin rəisi olub. Onunla tanışam, çox gözəl, yaxşı insandır. Amma yaxşı insan olmaq o demək deyil ki, sən bu işin professionalısan. Belə vəziyyət heç sovet vaxtında da olmayıb. Sonra biz deyirik ki, memarlığı qoruyan yoxdur, abidələr dağılır.


- Memarlığımızın gələcəyi... Azərbaycanda memarlıq təhsili gələcək nəslə ümidlə baxmağa imkan verirmi?
- Azərbaycanda memarlıq təhsili aşağı səviyyədədir. Burda bir-iki təsisati problem var. Bizim cəmiyyətimizdə, ümumiyyətlə, postsovet məkanında müəllimlərə qiymət vermirlər. Müəllimin maaşı çox aşağıdır. Kimlər dərs deməlidir? Təcrübəsi olan, hər gün küçələrdə olan, real layihə ilə məşğul olan memarlar. Amma, təəssüf ki, onlar dərs demirlər. Nəzəriyyəçilər dərs deyirlər. Heç öz əlləri ilə bir layihə hazırlamayan, bir bina, saray tikməyən adamlar. Mən gənc memarlarla çox görüşürəm. Ünsiyyət qurursan, 6 il təhsil alıb, amma anlayışı yoxdur, memarlıq nə deməkdir, bilmir. Ümumiyyətlə, nəzəriyyə tam olaraq praktikadan ayrıdır. Özü də nəzəriyyəni də sovet dərslərinə əsasən deyirlər. Təəssüf ki, bu, çox böyük problemdir və həll olunmur. Ürək ağrısı ilə deyirəm: bizim tələbələrin səviyyəsi çox aşağıdır.
10-15 il bundan əvvəl doktorluq dissertasiyası yazanda 500 ailədən sorğu keçirdim və belə bir nəticə oldu: 30 faiz ailələr yeni evə köçəndə dağılırlar. Heç kim də bilmir nəyə görə dağılırlar. Xanım elə bilir kişi pisdir, kişi elə bilir xanım pisdir. Əslində yox, memar səfehdir. Memar planlaşmanı düz etməyib. Məsələn, insan mənzilə girəndə əvvəlcə dəhliz olmalıdır. Dəhlizdən bir neçə yerə giriş olmalıdır, mətbəxə, qonaq otağına və s. Mən elə layihələr görmüşəm ki, girirsən qonaq otağına, sonra mətbəxə keçirsən. Bir neçə gün bundan qabaq yeni tikililərin birində oldum. Memar mətbəxi evin ən sonuna salıb, yataq otağından filan sonraya. Mən sifarişçiyə dedim ki, belə olmaz. Çünki, siz mətbəxə gedərkən heç vaxt o otaqlara baxmamalısınız. Bundan başqa, qapı düzgün açılmır. İnsan əsəbləşir. Siz başa düşmürsünüz ki, niyə əsəbləşirsiniz. Yorğun gəlirsiniz, qapı səhv tərəfə açılır daha da əsəbləşirsiniz, xanımınızı acılayırsınız, o da sizə cavab verir. Planlaşdırma, interyer, rənglər, tavan düzgün deyil. Ona görə də memarın, dizaynerin məsuliyyəti çoxdur. Bu səbəbdən dünyada memar və hüquqşünaslar ən varlı insanlardır. Azərbaycanda da belə olmalıdır. Amma bizdə məmur memarlardan başqa qalanları acından ölür. Avropada elə memarlar var ki, interyerin kvadratını 2000 avroya işləyirlər. Bizdə elə memarlar var ki, 5 manata edirlər.


- Tarixilik və müasirliyi necə vəhdətdə saxlaya bilərik ki, şəhərlərimiz həm tarixi görünüşünü itirməsin, həm də müasir standartlarla ayaqlaşa bilsin?
- Bakı unikal şəhərdir. Səyahətləri sevirəm, dünyanın bir çox şəhərlərində olmuşam. Təəssüf ki, Bakıda bir çox müharibələr, inqilablar olub, hakimiyyətlər dəyişib və bu, öz əksini memarlıqda da tapıb. Ona görə də bizdə unikal memarlıq var. Məsələn bizdə, 1920-30-cu illər, Leninin dövrü, konstruktivizm dövrü var. Konstruktivizm memarlığı dünyada məhz 5-6 şəhərdə var: Moskva, Xarkov, Təl-Əviv, Bakı... O dövrdə Lenin yeni bir cəmiyyət qurmaq istəyirdi. Bir çox şeyləri bilə-bilə edirdilər ki, millətlər qarışsın. Ortaya yeni sovet milləti çıxsın və bütün bunlar memarlıqda öz əskini tapırdı. 1920-30-cu illərin memarlığı Bakının vizit kartıdır. Və ya Stalinin dövrü. Mart ayında mən Parisdə idim. Gözəl şəhərdir deyirlər, amma bütün binalar tipik, eynidir, insanın gözü yorulur. Amma bizdə küçələrlə gəzərkən sən bir memarlıq epoxasından digərinə səyahət edirsən. Qız Qalası, bir az gedirsən, görürsən ki sovet modernizmi, bir az da keçirsən konstruktivizm dövrü və biz təbii ki, bunu qorumalıyıq.


- Bakıda bir çox tarixi binalar polşalı memarlar tərəfindən layihələndirilib. Polşa memarlarını Bakıya bağlayan nə idi?
- Ümumiyyətlə, memarlar Bakıya necə gəliblər? Bakı 18-ci əsrin ortalarında balaca şəhər idi. İçərişəhərdə 9 min nəfər yaşayırdı. Birdən-birə əhalinin sayı 20-30 ilə 300 minə qalxdı. Bütün dünyadan iş adamları Bakıya gəldilər. O vaxt Abşeronda və Bakıda tikinti elə templə inkişaf edirdi ki, bütün Avropa memarlıq məktəbləri öz məzunlarını Bakıya praktikaya göndərirdilər. Bu, birinci yol. İkinci yol da bizim milyonçular onları dəvət edirdilər. Bax bu iki yolla memarlar Bakıya gəlirdi. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində - həmin dövr ar-nuvo memarlıq dövrü adlanır - Bakıda 3-4 böyük ölkənin memarları çalışırdı. Alman, rus, polşalı, niderlandlı, fransalı, erməni və s. memarlar və təbii ki, onların başında Azərbaycan memarları. Hamısı professional idilər. Məsələn, mənim sevdiyim memar Qabriel Termikelov. Bakının ən gözəl 10 binası ona məxsusdur. Sonra, təəssüf ki, bir sifarişçi onu özü ilə Tiflisə apardı. O, bakılı memar idi. Ona dəfələrlə İrəvanda da layihə tikməyi təklif ediblər, bilmirəm niyə, amma prinsipial olaraq layihələndirmirdi və Tiflisin ən gözəl binalarını Rustaveli prospektində Q.Termikelov layihələndirib. Bizdə, bizim memarlığımızda, özünəməxsus dəsti-xətt var idi. O dövrə “Bakı Ar-nuvosu” deyirdilər. Onlar burda Avropa memarlığı yaratmırdılar. Məsələn, polşalı memar gəlirdi, o, avropalı idi də, bizim İçərişəhərimizə, şərq memarlığımıza baxırdı və öz layihələrində sintez edirdi. Həqiqətən, bu unikal memarlıqdır. Bir tərəfdən hiss edirsən ki, Avropa elementləri var, ayrı tərəfdən görürsən ki, bizim milli elementlərimiz var. Nə Tiflisdə, nə İrəvanda belə memarlıq yoxdur. Bakı o dövrün memarlıq mərkəzlərindən biri idi. Bunların nəticəsi idi ki, polşalı memar şəhərin Baş memarı olub. Müxtəlif vəzifələr tutublar.


- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Yazdıqlarınız elmi əsərlərdir, yoxsa bədii ədəbiyyata da üz tutursunuz?
- Memarlıq abidələri haqqında uşaqlar üçün bir neçə kitab yazmışam. Onları çap edib, hamısını uşaqlara paylayıram. Azərbaycan, rus, ingilis dillərində. Memarlıq abilərinin uşaqlar arasında, ümumiyyətlə, cəmiyyətdə təbliğatını aparıram ki, onları gələcək nəsillər üçün saxlayaq və ona görə də 5-6 il qabaq məni AYB-yə dəvət etmişdilər, mən də məmnuniyyətlə razı oldum. Bu, mənim üçün də bir hörmətdir ki, belə bir ittifaqın üzvüyəm.


- O hansı əsərdir ki, hər zaman baxıb köks ötürüb deyirsiniz: kaş bunun memarı mən olardım…
- Təbii ki, belə əsərlər var. Məsələn, mən bir neçə gün bundan qabaq Xaqani küçəsində üçmərtəbəli balaca tarixi binaya girmişdim. Onun müəllifi alman memarı İohann Edel idi. Mən onun necə professional memar olduğunun içəri girəndə hiss etdim:  malikanənin xarici görünüşü, planlaşması, otaqlar, böyük həzz aldım. Belə binalar çoxdur. Bakıda bir çox binalar var, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli ar-nuvo dövrünə təsadüf edir. Müasir memarlıq var. İsmayıl bəy Qutqaşınlı küçəsində DOST Agentliyi tikilib. Bizim Polşada təhsil almış azərbaycanlı memar Nəriman İmaməliyevin layihəsidir. Mən fəxr edirəm ki, belə bir bina Azərbaycan memarı tərəfindən Bakıda layihələndirilib və tikilib.


- Son olaraq, hansı abidəni çıxarsaq, Bakı yarımçıq olar?
- Mənim üçün Natəvanın heykəli. Bakıda ən sevdiyim heykəllərdən biridir. Hərənin şəhərdə öz simvolu var. Mənim üçün də odur. Gözümdə o, Bakının simvolu olmaqla yanaşı, Bakını özündə birləşdirir. Əvvəl ordakı 2 küçə - Əziz Əliyev və Məmmədəmin Rəsulzadə, sakit küçələr idi. Bakı da belə idi. Sakit, yolları boş, avtomobil yox idi. İnsanlar rahat yaşayırdılar. İndi isə hər tərəfi restoranlar. On minlərlə insan olur orda, axşamlar keçmək mümkün deyil. Natəvan da bütün bunların ortasında. Mən düşünürəm ki, hər bir əşyanın öz ruhu var və məncə orda Natəvanın ruhu dolaşır.


Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top