““Tərtər işi”nə görə bir general dindirilib”


"Tərtər işi" – azərbaycanlı hərbçilərin Ermənistanın xüsusi xidmət orqanları üçün iddia olunan casusluq işində adı çox hallanan bir generalın dindirildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bunu “Azadlıq Radiosu”na Baş Prokurorluqdakı mənbə bildirib. Həmin mənbə "Tərtər işi" üzrə işgəncələrlə əlaqədar həbslərin davam edəcəyini, hətta yüksək vəzifəli şəxslərin də həbs oluna biləcəyini istisna etməyib: "Bu olaylarda adı çox hallanan yüksək vəzifəli şəxslərdən də istintaqda dindirilən var. Kifayət qədər iddialı və ittiham xarakterli ifadələr var. Zərərçəkmişlərin bir neçəsi israrlıdır ki, təqsiri olan şəxslər tam cəzalandırılsın. Bu da müəyyən qədər prosesin gedişinə təsir edir".
2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" üzrə icraat yenilənəndən sonra araşdırmalar bu qurumun İstintaq İdarəsində aparılır. Baş Prokurorluqdan bildirilib ki, istintaq davam edir: "Yeniliklər olduqca mütəmadi mediaya bu haqda məlumat verilir".
"Tərtər işi"ndə adı ən çox hallanan yüksək vəzifəli şəxslər bu işdə prosessual nəzarəti həyata keçirmiş hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, general-mayor Hikmət Həsənovdur. Adları çəkilən şəxslərdən yalnız Xanlar Vəliyev yerli mediaya açıqlamasında ittihamları rədd edərək "əsassız" adlandırıb.
"Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını "nağıl" adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir...", – deputat Zahid Oruc dekabrın 16-da parlamentin iclasında belə deyib.
Parlamentdə "Tərtər işi"nin gündəmə gətirilməsi zərərçəkmişlərdə yeni ümid yaradıb. Həmin hadisələr zamanı işgəncə nəticəsində həyatını itirən, 5 il dövlətə xəyanətdə ittiham ediləndən sonra 2022-ci ilin fevralında bəraət verilən Elçin Quliyevin anası Validə Əhmədova bu barədə danışır. Deyir ki, Milli Məclisdəki çıxışlardan sonra illərdir cəzalandırılmasını tələb etdikləri yüksək vəzifəli şəxslərin, bəlkə, bundan sonra məsuliyyətə cəlb olunacağına inanmaq istəyirlər. Çünki parlament üzvləri də artıq açıq şəkildə onların adlarını dilə gətirir.
Əhmədova deyir ki, bir tərəfdən, illərdir günahsız həbsdə saxlanılan, "vətən xaini" adıyla damğalanan, işgəncə ilə öldürülən adamlara bəraət verilir, amma digər tərəfdən də, bu cinayətləri törədən adamlar yüksək vəzifələrdə qalır. Onun sözlərinə görə, bu absurdu anlamaq mümkün deyil.
"Şəxsən mənim oğlumun dövlətə xəyanət ittihamı ilə təqsirləndirilməsi haqda qərara Hərbi prokurorun birinci müavini Şəfahət İmranov imza atıb. Eləcə də işgəncə ilə öldürüldüyü sübuta yetirilən, sonradan bəraət alan Mehman Hüseynov və digərləri... Onları vətən xaini kimi qələmə verən Şəfahət İmranov günü bu gün də vəzifəsindədir", – Əhmədova bildirib.
O əlavə edib ki, oğluna bəraət verilməsi ilə kifayətlənmək fikrində deyil. Zərərçəkmişin sözlərinə görə, hələ bir müddət əvvəl ona susması – şikayətçi olmaması müqabilində aylıq 700 manat müavinət, üçotaqlı mənzil və müəyyən məbləğdə pul təklif olunub, ancaq razılaşmayıb. Onun əsas tələbi günahkarların cəzalandırılmasıdır.
Vaxtilə "Tərtər məhbusları"nın məhkəməsində təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş vəkil Samir İsayev deyir ki, hələ Tərtər Hərbi Məhkəməsində bu işə baxılanda o, Hərbi prokurorun müavini İmranovun çağırılıb dindirilməsi haqda vəsatət qaldırmışdı. Vəkil vəsatətində həm general İmranovun, həm Tərtər rayon hərbi prokuroru Fuad Məmmədovun, həm də müstəntiq Emin Vəliyevin məhkəmədə dindirilməsi məsələsini qoysa da, məhkəmə o dövrdə vəsatəti təmin etməmişdi. Ümumiyyətlə, "Tərtər işi"ndə təqsirləndirilənlər gileylənirdilər ki, onların işinə baxan hakimlər heç bir araşdırma aparmadan ittihamda yazılanları hökmə köçürüb, onların haqqında hökm çıxarıblar.

 

DİGƏR XƏBƏRLƏR

Top