"Bizim cəmiyyətdə uzun müddət qohumluq işəgötürmədə rol oynayıb"


“2013-cü ildə “həyatda uğurlu olmaq üçün nə vacibdir” deyə sorğu keçirmişdik. Həmin ildə top 3 cavabda təhsil yox idi. Hesab edirdilər ki, bəxtləri, qohumları, pulları olmalıdır. Dördüncü yerdə təhsil gəlirdi. Ondan sonra belə sorğu keçirməmişik. 2023-cü ildə, 10 ildən sonra bunu edərik və görərik ki, insanların fikirləri bu istiqamətdə necə dəyişib”.

Yeniavaz.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.

“Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsil yox, bəxt, qohum və ya pul olmalıdır? Cəmiyyət həmişə səmimidir. Məsələn, görüblər ki, o, sinifdə yaxşı oxusa da, onun sinif yoldaşı yaxşı qohumuna görə yaxşı işlə təmin olunub, o isə yox. Biz razılaşmalıyıq ki, uzun müddət cəmiyyət olaraq qohumluq, bəxt və digər təhsillə bağlı olmayan amillər işəgötürmədə rol oynayıb. İş yeri defisitdirsə, keçid dövründə belə praktika olub deyə cəmiyyət belə düşünür. Bu cəmiyyətimizdə olan meritokratik yanaşmaya keçdikcə, ən bacarıqlılar, ən təhsillilərin rifah səviyyəsi yuxarı olduqca, gələn nəsil də fərqli düşünməyə başlayacaq. Məsələn, “Yüksəliş Müsabiqəsi”nin keçirilməsi də buna xidmət edir. Biz gənclərə həyatda uğurlu olmağın başqa nümunələrini göstərməliyik. Bu halda təhsil sorğularda 4-cü yerdən 3-ə, 3-dən 2-yə və nəhayət, 1-ci yerə düşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top