Penitensiar Xidmət və vəkildən ziddiyyətli açıqlamalar - Bəxtiyar Hacıyev aclığı dayandırıb?


Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov ötən gün – dekabrın 18-də Yeniavaz.com-a verdiyi açıqlamada həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığını bildirmişdi. Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc isə bu gün özünün sosial şəbəkə hesabında açıqlama yayaraq bu məlumatı təkzib etmişdi.
Tərəflərin verdiyi ziddiyyətli açıqlamalar ictimaiyyətdə də çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı yenidən Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqova müraciət etdik. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Bəxtiyar Hacıyev dünən rəsmi olaraq müraciət eləyib və aclığı dayandırıb:
“Ona görə onu tibb-sanitariya hissəsindən köçürüblər kameraya. Aclıq edəndə o gərək rəsmi şəkildə müraciət etsin. O yenidən aclıq aksiyasına başlaması ilə bağlı müraciət etməyib. Dünən o aclığı dayandırmışdı, çörək də yeyirdi”.
B. Hacıyevin vəkili Aqil Layıc isə Yeniavaz.com-a açıqlamsında Penitensiar Xidmətin yaydığı məlumatın yalan olduğunu deyib:
“Aclıq aksiyası davam edir. Dayandırılması ilə bağlı heç kimə müraciət etməyib. Mən Bəxtiyarla görüşdüm. Deyir ki, aclıq aksiyasının nəticəsi olaraq bir neçə gündür öd qusmağa başlayıb. O tip məsələlərdə qurumlar heç vaxt səhih və düzgün məlumat verməzlər. Aclıq aksiyasını dayandırıb-dayandırmamaq faktiki olaraq şəxsin öz iradəsindən asılıdır. Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top