ABŞ-ın müvəqqəti işlər vəkili Arif Hacılı və Tofiq Yaqublu ilə görüşüb


Dekabrın 16-da ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Şuranın funksioneri Tofiq Yaqublu ilə ayrı-ayrılıqda görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Arif Hacılı feysbuk hesabında yazıb.
O qeyd edib ki, ABŞ səfirliyində keçirilən görüşdə Azərbaycanda ictimai-siyasi durum, Qarabağda çağdaş durum, ölkədə insan haqlarının vəziyyəti, siyasi məhbuslar və digər məsələlər barədə müzakirələr aprılıb.
"Amerika-Azərbaycan münasibətləri, Müsavat Partiyasının ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə o bildirib.
Tofiq Yaqublu isə yazıb ki, görüşdə ölkədə insan haqları, demokratiya, xüsusilə də sərbəst toplaşmaq azadlığının təmin olunması, siyasi məhbuslar və yenicə qəbul edilmiş "Siyasi Partiyalar haqqında" qanunla bağlı ətraflı və səmərəli müzakirə aparılıb.
O, bu cür görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Xatıraldaq ki, Hüqo Gevara dekabrın 15-də AXCP və REAL partiyalarının liderləri ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top