““Tərtər işi”nə görə Hərbi Prokurorluq ləğv edilməlidir” - Deputat


“Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərərçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z.Orucun sözlərinə görə, Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır:
“Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir”.
Z.Oruc bildirib ki, 11 nəfər həyatını itirsə də, əksəriyyət əzablara dözərək o adı üzərinə götürməyib:
“İstintaqın əlinin çatmadığı yüz minlərlə döyüşçü ilə yanaşı, azadlıqda olan zərərçəkən şəxslər də ermənilərlə igidliklə vuruşaraq, düşmənə əsir düşmədi. İstintaqsa onlardan satqın düzəltmək istəyirdi. O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var”.

DİGƏR XƏBƏRLƏR

Top