İlk kitabı vəfatından üç il sonra işıq üzü görən şair...


İstedadlı şair Şamxal Rüstəmin vəfatından üç il sonra ilk kitabı işıq üzü görüb.
Yeniavaz.com
xəbər verir ki, "Məni kimin qarğışı tutdu" adlı kitabın ön sözü Xalq şairi Sabir Rüstəmxanlıya məxsusdur.
"Şamxal Rüstəm 70-ci illərdə ədəbiyyata gələnlər arasında öz nəfəsi, dəsti-xətti, obrazları ilə fərlənən söz adamı idi. İlk çap olunan şeirləri ilə dərhal diqqəti cəlb etmişdi. Əyalətdə yaşadığına, qapılar döyməyi sevmədiyinə görə, sovet dövründə plana salınıb, biz dostlarını sevindirsə də, kitabı nəşr olunmadı. Bununla belə, onun adı söz adamlarının sırasında öz yerini tutdu...", - deyə S. Rüstəmxanlı ön sözdə bildirir.
"Gizli qalan imzalar" seriyasından olan kitabda şairin altımışdan çox müxtəlif səpkili seçilmiş şeirləri verilib. Poeziya nümunələrini nəşriyyata Şamxalın həmyerliləri - tanınmış şairlər Məhərrəm Vüqarlı və Vasif Süleyman təqdim edib.
Tərtibatçı Nəriman Əbdülrəhmanlıdır.
"Məni kimin qarğışı tutdu" kitabına şairin dillər əzbəri olan və mahnılar bəstələnən şeirləri ilə yanaşı, oxuculara ilk dəfə təqdim olunan çox gözəl poeziya nümünələri, təmsilləri və uşaq şeirləri daxil edilib:
Könlüm bir də gül bitirməz,
Kipriklərim od götürməz,
Get əvəz gəz, mənə əvəz,
Daha məni neynəyirsən?

Kökdən düşmüş siməm daha,
Çətin o cür dinəm daha.
Buz bağlayıb sinəm daha,
Daha məni neynəyirsən?

Qışın ki var, yayın ki var,
Yaşa ömür payın ki var-
Səninkidir, nəyim ki var-
Daha nə istəyirsən?

Kitabda Şamxalın bir neçə bayatısı da var:

Canım, a dağlı gözəl,
Hörmə corablı gözəl
Səni gəzir Xan çoban,
Əli çıraqlı, gözəl...

Bostanam, uram ağlar,
Pozulmuş sıram ağlar.
Payızda yarpaqlarım,
Qışda sırsıram ağlar.

Qapını bağla, gəlin,
Sirrimi saxla, gəlin.
Güldürmədin sağ ikən-
Ölmüşəm, ağla, gəlin...
 

DİGƏR XƏBƏRLƏR

Top