"Qardaşı yüksək rütbəli zabitləri söyür, təhqir edir, üzünə tüpürür, döyür, həbs etdirir"


Naxçıvanda hərbi xidmət keçən bir qrup zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarına müraciət ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.
Bildirilib ki, bu müraciət vasitəsilə hərbçilər ictimaiyyəti Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı korrupsiya, rüşvət və özbaşınalıq halları ilə bağlı məlumatlandırmaq istəyiblər.
Hərbçilər həmçinin DTX-dən Əlahiddə Ümumqoşun Orduda yoxlamalara başlayıb, baş verən qanunsuzluqlara son qoymalarını xahiş ediblər.
“Biz, Naxçıvanda hərbi xidmət edən zabitlər və digər rütbəli hərbi qulluqçular Azərbaycanı canımız qədər sevirik və Vətən uğrunda canımızdan keçməyə hazırıq. Bunu bizim 2-ci Qarabağ müharibəsindəki iştirakımız da göstərdi. Lakin, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev bizimlə bir hərbçi kimi yox, öz şəxsi mülkiyyəti kimi davranır, bütün hüquqlarımızı tapdayır, maaşımızı kəsir, bizim qul kimi işlədilməyimizə şərait yaradır. Naxçıvanda aparılan bütün söküntü və park tikintisi işlərini biz hərbçilərə gördürüb, büdcədən ayrılan milyonları mənimsəyirlər. Bunun üçün zabit, MAXE və əsgərlərdən qanunsuz olaraq xüsusi briqadalar yaradılıb. Hər gün yüzlərlə hərbçi mülki formada tikintilərdə qul kimi işlədilir. Onların gördüyü iş mülki şəxslərin adına sənədləşdirilir və bu maaşlar mənimsənilir. Bu işlərə generalın qardaşı Nemət Mustafayev rəhbərlik edir.
Kərəm Mustafayev bütün ordu heyətini heç bir hərbi rütbəsi və savadı olmayan, tərbiyəsiz hərəkətləri ilə tanınan qardaşı Nemətin tabeliyinə verib. Nemət Mustafayev orduda qeyri-rəsmi olaraq, ikinci sözükeçən adamdır. Rütbə və vəzifəsindən asılı olmayaraq, bütün hərbçilər onun qarşısında farağatda dayanmağa, ona itaət etməyə məcbur edilir. Nemət Mustafayev istədiyi vaxt hərbi hissələrə girir, ona tabe olmaq istəməyən yüksək rütbəli zabitləri tərbiyəsiz sözlərlə söyür, təhqir edir, üzünə tüpürür, döyür, həbs etdirir, bizim hərbçi qürurumuzu tapdalayır. Bu cür ağlasığmaz özbaşınalığa şərait yaradan komandan Kərəm Mustafayevdir. Axı biz qalib ordunun əsgərləriyik. Bizimlə bu cür davranmaq ordumuzun adına ləkədir”, - adının təhlükəsizlik baxımından çəkilməsini istəməyən hərbçi deyib.
Həbçilər həmçinin qeyd ediblər ki, orduda digər rüşvət və korrupsiya halları da mövcuddur:
“Hərbi hissələrdəki bütün texnikalar hərbçilərin öz hesabına təmir edilir. Bunun üçün büdcədən ayrılan milyonlarla manat isə mənimsənilir. Hərbi hissələrə Bakıdan verilən ehtiyat hissələr Nemət Mustafayev vasitəsi ilə bazarlara çıxarılır. Tabeliyində olan texnikası xarab olan hərbçilərdən tələb olunur ki, həmin hissələri öz pullarıyla alıb, texnikanı təmir etdirsinlər. Buna maddi imkanı çatmayan hərbçilər kredit götürməyə məcbur olurlar.
Hərbi şəhərciklərdəki evlər rüşvətlə satılır, kirayə pulları isə mənimsənilir.
Məzuniyyət pulları mənimsənilir.
Siyahını uzatmaq da olar. Ordumuzun hərbi sirrini yaymamaq üçün, bir çox ciddi korrupsiya və rüşvət hallarını qeyd etmək istəmirik. Əgər araşdırılma başlayarsa, hər şeyi danışmağa hazırıq.
Az qala hər bir hərbçi yuxarıda sadaladığımız və sadalamadığımız özbaşınalıqlara dözməyərək intihar edir. Onların ailələri təhdid altında susmağa məcbur edildiyindən, bu intiharlar ört-basdır edilir. Biz ümid edirik ki, hazırda Naxçıvanda yoxlama aparan DTX, Əlahiddə Ümumqoşun Ordudakı bu özbaşınalıqları da araşdıracaq, cavabdeh şəxslər layiqli cəzasını alacaq, bu ləkə Azərbaycan ordusunun üzərindən götürüləcək”.
Təhlükəsizlik baxımından müraciət edən hərbçilərin adları ictimailəşdirilməyib.

DİGƏR XƏBƏRLƏR

Top