Türkiyə 6 yaşında təriqət üzvü ilə evləndirilən qızdan danışır... - Fotolar


Türkiyədə “İsmailağa” təriqətinə bağlı bir vəqfin qurucusu olan Yusuf Ziya Gümüşelin 6 yaşlı qızını zorla evləndirməsi ölkənin bir nömrəli gündəminə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, “Bir gün” qəzetinin yaydığı məlumata görə, hazırda sözügedən qızın 24 yaşı var və hadisə 2004-cü ildə baş verib. Belə ki, 6 yaşlı qızla həmin təriqətin 29 yaşlı üzvü Kadir İstekli arasında dini nikah olub.
Qız verdiyi ifadədə həmin dövrdə cinsi zorakılığın ona oyun kimi göstərildiyini bildirib:
“Ağladım. Kadir evli olduğumuzu dedi. Mənə dedi ki, atamla anamın evli olduğu kimi biz də evliyik. Dedi ki, sən mənim arvadımsan, mən sənin ərinəm. Dedi ki, evlilər belə oyunlar oynayır, amma bu oyun heç kimə deyilmir. Anam və atam Kadirə “kürəkənim” deyirdilər”.
İddiaya görə, 2012-ci ildə qızın 14 yaşı olanda həkimə gedib, həkim uşağın zorakılığa məruz qaldığını anlayıb və polisə məlumat verilib. Prokurorluq araşdırmalara başlayıb. Uşağın sümük yaşı ilə bağlı analiz aparılmasına qərar verilib, amma onun yerinə başqa birindən analiz götürülüb. Analizə görə, ətrafındakıların təzyiqi ilə 17 yaşında olduğunu bildirən H.K.G-nin sümük yaşı 21 kimi görünürdü. Bu nəticə əsas gətirilərək, cinayət məsuliyyətinin olmadığına qərar verilib.
H.K.G. isə illər sonra şikayətçi olub. 30 oktyabr 2022-ci ildə İstanbul Anadolu Baş Prokurorluğunun məsələ ilə bağlı iddianaməsi tamamlanıb. H.K.G.-nin valideynlərinin təcavüzə göz yumduğu iddia edilib. İddianamədə qızın anası, atası və K.İstekli üçün ən azı 27 il həbs istənilib. Həmçinin, K.İstekliyə cinsi zorakılığa görə də cəza tələb olunub.
6 yaşlı uşağın “nikah mərasimi”ndən fotolar ortaya çıxdıqdan sonra sosial mediada hadisə ciddi reaksiyalara səbəb olub. Türkiyədəki bir çox siyasətçi, ictimai xadimlər və incəsənət nümayəndələri bu halı qınayıb və aidiyyəti qurumları dərhal tədbir görməyə çağırıblar.
 


DİGƏR XƏBƏRLƏR

Top