Almaniyada çevriliş planlanırmış: Genişmiqyaslı həbs dalğası başladı


Dekabrın 7-də səhər Almaniyanın on bir federal ştatında hakimiyyətin zorakılıqla devrilməsinə hazırlıqla əlaqədar eyni vaxtda 100-dən çox əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniya Federativ Respublikasının mövcudluğunun legitimliyini tanımayan Reyxsbürger millətçi hərəkatının 25-ə yaxın üzvünü həbs edib.
Axtarışlar Berlin, Türingiya, Baden-Vürtemberq və Saksoniya, həmçinin ölkənin digər bölgələrində aparılıb. Nəşrin jurnalistlərinin tanış olduğu polis materiallarına görə, qrupun məqsədi hakimiyyəti zorakılıqla ələ keçirmək olub.
Qeyd olunur ki, mövcud hakimiyyətin “yuxarı səviyyəsini təmizləməyə” və monarxiya prinsipləri əsasında yeni dövlət aparatı yaratmağa hazırlaşan ekstremistlərin bəziləri xüsusilə sosial və ya maliyyə sferasında nüfuzlu dövləti postlarını tuturlar. Onların arasında Bundesverin keçmiş işçiləri və Bundestaqın “Almaniya üçün Alternativlər”dən keçmiş deputatı da var.
Müstəntiqlərin fikrincə, qrup çevriliş planlarını həyata keçirmək üçün milislərə bənzər qeyri-rəsmi ordu yaratmağı planlaşdırırdı. İstintaqın məlumatına görə, onlar müxtəlif üsullarla silah və texnika əldə etməyə cəhd ediblər. Atıcılıq məşqi də keçirilib. Təhlükəsizlik orqanlarının gəldiyi nəticəyə görə, təşkilat hazırlıq üçün çox böyük məbləğdə pul xərcləyib.
İstintaqın davam etdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top