![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/11/30/1/6d20f35a-c11f-443f-ab33-11438102804c/manat4.jpg)
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, dəyəri 58 min 500 manat 44 qəpik olan 2 tender müsabiqəsinin qalibi “SL 99 Corp” MMC (VÖEN – 1102638151) olub. MMC kollecdə əsaslı və cari təmir işləri həyata keçirəcək.
Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan şirkət 22.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. “SL 99 Corp” MMC-nin qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.
Xəbəri rus dilində oxuyun: Кем является Вусала Султанова, выигравшая тендеры на 100 тыс. за несколько месяцев?
Bu şəxs qeyd olunan ünvanda qeydiyyatda olan daha bir-neçə şirkətə rəhbərlik edir. Sultanova Vüsalə Vaqif qızı “Delta 10 LT” MMC (VÖEN – 1102638281), “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) və “Yaşam 88 LT” MMC-nin (VÖEN – 1102638301) də rəhbəridir.
Onu da qeyd edək ki, Sultanova Vüsalə Vaqif qızının rəhbərlik etdiyi şirkətlərdən biri - “Smart 86 Corp” MMC dünən (29.11.2022) AMEA-nın nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun keçirdiyi 11 min 200 manatlıq tenderin də qalibi olub.
Ümumilikdə isə 5 ay əvvəl dövlət qeydiyyatına alınmalarına baxmayaraq bu şirkətlər fərqli istiqamətlərdə dəyəri 100 minlərlə manat olan onlarla tenderin qalibi olmağı bacarıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/30/1/0ab94dc5-648a-4d98-8c26-a997f390d5c7/smart.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/30/1/f97efc91-bb72-4f83-b26b-d4884622d1c4/delta.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/30/1/b57f0cfc-0be1-458b-a2b9-30a9b8b4959e/sl.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/11/30/1/f8cf23be-44d8-4963-9c4d-ff082af3d4cb/yasam.jpg)
Bir daha xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 5 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
A. Cəfərov